AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Övlad qatilləri — Problemin kökündə nə dayanır?

  • + A
  • - A
  • 19-10-2017, 10:32

    Övlad qatilləri — Problemin kökündə nə dayanır?












    Son zamanlar "Dəhşətli qətl" başlığı ilə valideynin övladını öldürməsi, hətta xüsusi amansızlıqla bunu etməsi barədə xəbərlər yayılmaqdadır. Valideyn uşağı dünyaya gətirir və ya buna dəstək olur, böyüdür, yanında yuxusuz gecələri keçirir, amma bir gün nədənsə, öldürmək qərarına gəlir. Ekspertlərin fikrincə, qatil valideynlər psixoloji, psixi və nevroloji problemlərdən, narkotik maddələrdən və spirtli içkilərdən asılılıqdan, ümumilikdə acizlikdən bu hala düşə bilər.

    Bu yaxınlarda baş verən belə hadisələrdən biri ananın 5 yaşlı qızını öldürməsidir. Qusar rayonunun Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 5 yaşlı Luiza Saypullayevanın qəflətən ölməsi barədə polisə məlumat vermişdir. Aparılan araşdırmalar nəticəsində azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib. Şübhəli şəxs qismində dindirilən Gülnarə Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib.

    Amma ekspertizanın rəyindən sonra məlum olub ki, qızcığaz zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağa içirtdiyini bildirib.

    “Ölkə.Az” xəbər verir ki, hüquqşünas Aynur Musayeva "Ekspress"ə bildirib ki, ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: "Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xüsusi amansızlıqla və ya təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Köməksiz vəziyyətdə olan adamı öldürmə, o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması və s. kimi hallar başa düşülməlidir.

    Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər".

    Musayeva qeyd edib ki, valideynin öz övladını qəsdən həyatdan məhrum etməsi işin konkret hallarından asılı olaraq xüsusi amansızlıqla və ya təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə cinayəti kimi töfsif oluna bilər: "Qəsdən adam öldürmə və ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürmə cinayətləri hadisənin baş verdiyi ərazi üzrə prokurorluq orqanları tərəfindən araşdırılır".
    Psixoloq Vəfa Rəşidovanın "Ekspress"ə bildirdiyinə görə, son zamanlar valideynlərin övladlarına zorakılıq tətbiq etmək, onları öldürmək belə geniş yayılmış problemdir: "Belə hadisələri minimuma endirmək üçün psixoloji, psixi və nevroloji problemləri olanlar vaxtlı-vaxtında müalicələrini etməlidir. Problemin əsl kökünə baxmaq lazımdır. "Valideyni övladını öldürməyə nə vadar etdi? Hansı səbəbə görə uşağını öldürdü? Valideyn olduğu təqdirdə, onu dünən sevərkən, bağrına basarkən bu gün niyə öldürdü" suallarını qarşımıza qoysaq, görəcəyik ki, həqiqətən də faciəvi vəziyyətin yaranmasının kökündə ciddi, dərin problem dayanır. Ruhi xəstə olan insan cinayət törətdiyi anı belə xatırlaya bilməz. Belə hadisələr tək psixi problemdən qaynaqlanmır. Narkotik maddələrdən, spirtli içkidən asılılıqdan da ola bilər. Həmin maddələrin təsirindən o durumda edilən cinayətlər olur. Övlad öldürmədə daha çox iki amil iştirak edir: həm narkotik maddədən asılılıq, həm də psixoloji problemlər. Narkotik maddədən, spirtli içkidən asılı olan insanın sinir sistemləri, psixoloji durumu normal vəziyyətdə deyil. İnsan affekt vəziyyətində ola bilər".

    Müsahibimiz qeyd edib ki, uşağına qarşı zor tətbiq etmək artıq aqressiyadan keçib və daha dərin bir problemdir. Onun sözlərinə görə, əgər bir insan problem yaşayırsa, iradəsiz ola bilər, tükənə bilər, mübarizə gücünü itirər. "Bölüşəcəyi, güvənə biləcəyi heç kimi yoxdur. İnsan düşünə bilər ki, mən yaşadıqlarımı övladım yaşamasın və bu səbəbdən də övladını öldürmək istəyər.

    Heç nə elə-belə olmur. Problem illər öncə kök salmış, davam etmiş, insan müalicə almadan dözmüş və sonda bu, faciə ilə nəticələnmiş",-deyən psixoloq esab edir ki, bu kimi problemlər olmasın deyə insan sosiallaşmalı, dünya görüşünü artırmalıdır. Bunu edən insanlar daha çox evdə oturan, evə qapanan, maariflənməmiş insanlar olur. İnsan daimi bir yerdə durduğunu görürsə, irəliləməli, özünü inkişaf etdirməlidir. Əks halda insan batdıqca, batır.

    Depressiyaya düşür. Bu zaman psixi problemlər də özünü göstərməyə başlayır. Amma psixi problemlər genetik də ola bilər. Bütün hallarda psixi problemlərə ciddi yanaşılmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR