AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nəriman Əliyev barəsindəki bütün iddialara cavab verdi

  • + A
  • - A
  • 31-01-2022, 14:28

    Nəriman Əliyev barəsindəki bütün iddialara cavab verdi


    “ŞTUTQART” MMC-nin sahibi, sabiq deputat Nəriman Əliyev son günlər barəsində səsləndirilən iddialara cavab verib. İş adamı ağac kəsdirməsi və bir neçə əməkdaşı işdən çıxararaq maaşlarını verməməsi haqda fikirləri qərəzli və əsassız adlandırıb. 

    Nəriman Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, 2021-ci il sentyabrın 7-dək olan dövr üçün “ŞTUTQART” MMC-nin maliyyə təsərrüfat fəaliyyəti barədə auditor yoxlaması aparılıb: "Yoxlama zamanı mənimsəmə, israfetmə ilə bağlı faktlar aşkar edilərək şirkətə məxsus xüsusilə külli miqdarda pul vəsaitinin mənimsənilməsi müəyyən edilib.

    Sentyabrın 7-də “ŞTUTQART” MMC-nin direktoru işləmiş Əfqan Arif oğlu Abdullayev tutduğu vəzifədən azad edilib.

    Həmin tarixdə Əfqan Abdullayevin birbaşa göstərişi ilə bütün mağazalar bağlanılıb və işçilər hamısı işdən kənarlaşdırılıb. Həmin gün Əfqan Abdullayev özünə məxsus telefon nömrəsi ilə işçilərin vatsap qrupuna səsli mesajla “Hamı dükanı bağlasın! İkinci söhbət də təkrarlanmasın burada. Deyirəm bağlasın! Elə eləməsinlər ki, gedim orada həmin satış müdiri ilə bir yerdə oradakı uşaqları da vura-vura çıxardım obyektdən! Obyekti bağlayın! Heç kim hörmətsizlik eləməsin, hamı da telefonlarını söndürsün, cavab verməsinlər heç kimin telefonuna, mən deyənə qədər gözləsinlər”.

    Bundan sonra “ŞTUTQART” MMC-nin işçilərinin böyük bir hissəsi onun qanunsuz fəaliyyətini dəstəkləməklə işə çıxmayıb, digərləri isə özlərinin əmək fəaliyyətlərini davam etdiriblər. Əfqan Abdullayevin himayə etdiyi və onun fəaliyyətinə kömək edən bir qrup işçi əmək vəzifələrindən imtina edərək onların məsuliyyətində olan mal-materialları təhvil vermədən iş yerlərini tərk edərək gediblər. Həmin gün məlum olub ki, Əfqan Abdullayev və onunla birlikdə gedən şəxslər “AVTODETAL” adı ilə yaradılan mağazalar şəbəkəsində fəaliyyətə başlayıblar". 

    Sabiq deputat iddia edib ki, şirkətində vəzifə tutan həmin şəxslər MMC-yə məxsus pulu mənimsəyiblər: "“ŞTUTQART” MMC-də işləyən Abutalıb Ağayev, Seymur Sərxanov və digərləri birləşərək 1 035 751,21 manat məbləğində ehtiyat hissələrini qanunsuz yolla çıxararaq “AVTODETAL” adı ilə fəaliyyət göstərən mağazalara daşıyıblar. Bununla əlaqədər auditor rəyi tərtib olunub və hal-hazırda hüquq-mühafizə orqanlarında təhqiqat aparılır". 

    Nəriman Əliyevin sözlərinə görə, şirkətin yaxınlığındakı ağacların kəsilməsinə həmin zaman MMC-nin direktoru olan Əfqan Abdullayev göstəriş verib: "Ağac kəsilməsi ilə bağlı məsələ şirkətdə autidor yoxlaması aparılarkən aşkar edilib. Həmin ərazi yəni, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10c ünvanında yerləşən anbar mənim mülkiyyətimdə olsa da, 25 oktyabr 2016-cı il tarixdə “ŞTUTQART” MMC-yə icarəyə verilib. Ağacların kəsilməsi Əfqan Abdullayevin göstərişi ilə Abutalıb Ağayev tərəfindən icra olunub. Həmin vəzifəli şəxslər tərəfindən ağacların kəsilməsi faktı üzrə Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb".

    "ŞTUTQART" MMC-nin sahibi olan N. Əliyev bir qrup işçinin qanunsuz olaraq işdən azad olunması haqda məlumata belə reaksiya verib: "Onların bir hissəsi 2021-ci il sentyabrın 7-dək öz ərizələri ilə işdən azad olunublar. Sentyabr ayınadək əmək fəaliyyətlərini dayandırıb və işdən xaric olunublar. Digər şəxslər isə Əfqan Abdullayevin göstərişi əsasında iş yerlərini tərk edərək onunla birlikdə ona məxsus mağazalarda işləyirlər. Bu şəxslər “ŞTUTQART” MMC-nin mağazalarında maddi məsul şəxs olmaqla öz əmək vəzifələrinin icrasını pozan və şirkətə maddi ziyan vuran işçilərdir. Aparılmış auditor yoxlama zamanı həmin maddi məsul şəxslərin öhdəsində olan xüsusilə külli miqdarda pul vəsaitlərinin mənimsənildiyinə dair faktlar aşkar edilib".

    Nəriman Əliyev mediada ona məxsus olduğu deyilən əmlak siyahısı haqda da danışıb: "Mətbuatda mənə məxsus əmlaklar barəsində verilən məlumatların çoxu qeyri-dəqiqdir. Mən 1992-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğulam. 2010-cu ilə qədər Azərbaycanda özəl sektor tərəfindən açılan ilk istehsal müəssisələrinin təsisçisi və baş direktoru olmuşam. 2010-cu ildə Milli Məclisə seçilərkən müəssisələrdə direktor fəaliyyətimi dayandırmışam. 2020-ci ilin mart ayınadək hər hansı bir biznes qurumunda qanuni təmsilçi olmamışam. Eyni zamanda keçirdiyim ağır cərrahi əməliyyatlar nəticəsində 2021-ci ilin may ayına qədər səhhətimin bərpası ilə məşğul olmuşam. 

    Təsisçisi olduğum müəssisələr üzrə 1992-ci ildən başlayaraq sahibkarlıq fəaliyyətini həyata keçirmişəm. Özəl sektorda Azərbaycanın ən yüksək vergi ödəyicilərindən olmuşam. Bunun müqabilində əldə etdiyim mənfəət hesabına istehsal müəssisələri və digər ticarət obyektlərini qanuni şəkildə əldə etmişəm.

    Mətbuatda adı çəkilən Bakı şəhəri T.Əliyev küçəsindəki ev mənə məxsusdur və hazırda orada yaşayıram. Bakı şəhəri Nərimanov rayonu Ələsgər Qayıbov küçəsi, 10c ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Masallıda olan ticarət obyekti mənə məxsusdur. Hazırda evim, qeyri-yaşayış sahəsi və Masallıda olan ticarət obyekti biznes fəaliyyəti ilə əlaqədar götürdüyüm kreditlə bağlı banklarda girovdadır. 

    Mətbuatda dərc edilən yazılarla bağlı bildirirəm ki, orada göstərilən məlumatların hamısı şirkətdə aparılan auditor yoxlaması zamanı, xüsusilə külli miqdarda mənimsəməyə yol vermiş şəxslər tərəfindən uydurulub. Çox təəssüf ki, bu məlumatlar dərc olunarkən hər hansı bir rəsmi mənbəyə istinad olunmayıb. Belə ki, ağacların kəsilməsi ilə bağlı mətbuatda verilən məlumatlar prokurorluq tərəfindən verilmiş rəsmi açıqlama ilə üst-üstə düşmür. 

    Digər bir məlumatda Talıbov Şahsuvar Nazim oğluna istinad edilməklə mülklər haqda verilən xəbərlər mənim şikayətim əsasında Nizami Rayon 23-cü polis bölməsində araşdırılıb. Araşdırma nəticəsində Talıbov Şahsuvar Nazim oğlunun izahatı alınıb və o, izahatında həmin məlumatların onun tərəfindən verilmədiyi, həmçinin yalan olduğunu təsdiq edib".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR