Orduda 20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçiriləcək
Müdafiə Nazirliyindən "Ölkə.Az"a verilən xəbərə görə, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Qanlı Yanvar hadisələri ilə bağlı "dəyirmi masa"ların, konfrans, toplantı və xüsusi məşğələlərin, kitab və rəsm sərgisinin təşkili, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi, Naxçıvan və Gəncə Qarnizon Zabitlər Evləri kollektivlərinin iştirakı ilə faciəyə dair bədii kompozisiya və tamaşaların, eləcə də sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.
Keçirilən tədbirlərdə şəhid olanların ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.