Uşaq bağçalarında mühafizə gücləndirilir — Gözətçilər və həyəcan düyməsi...
Nazirlər Kabineti "Dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə" qərar verib.
AZTB.info xəbər verir ki, qərara əsasən müəyyən edilib ki, dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsinin təşkili üçün hər bir dövlət məktəbəqədər təhsil müəssisəsi 2 gözətçi və Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında həyəcan düyməsi ilə təmin edilir.
Maliyyə Nazirliyinə tapşırılıb ki, 2019-cu ildən etibarən dövlət məktəbəqədər təhsil müəssisələrinin həyəcan düyməsi ilə təchiz olunması üçün Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə razılaşdırılmaqla, tələb olunan vəsaitin hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin.
Qeyd edək ki, “Büdcədən maliyyələşdirilən məktəbəqədər uşaq müəssisələrinin nümunəvi ştatı haqqında” qərara əsasən indiyə qədər müstəqil binası, iki və daha çox qrupu olan uşaq bağçaları binalarını, o cümlədən körpələr evi-uşaq bağçaları binalarını qorumaq üçün istirahət və bayram günləri də daxil olmaqla, 2 vahid gözətçi vəzifəsi müəyyən edilə bilərdi. Başqa sözlə, uşaq bağçaları və körpələr evi-uşaq bağçaları binalarını qorumaq üçün iki gözətçi vəzifəsinin müəyyən edilməsi qəti tələb olaraq müəyyənləşməmişdi. Yeni qərarın qəbulu ilə əlaqədar bu müddəalar ləğv edilib. Beləliklə, "Dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə" qərara əsasən artıq hər bir dövlət məktəbəqədər təhsil müəssisəsi mütləq 2 gözətçi və Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında həyəcan düyməsi ilə təmin edilməlidir.