Hərbi Prokurorluq çalxalanır – ŞOK TƏFSİLAT
Xanlar Vəliyevlə Şəfaət İmranovun idarəçiliyi acınacaqlı durum yaradıb; işçilər oradan qaçır
Hərbi Prokurorluqda ara qarışıb. Səbəb hərbi prokuror Xanlar Vəliyevin öz müavini Şəfaət İmranovu külli-ixtiyar sahibinə çevirməsidir. Sonuncu da öz növbəsində səlahiyyətlərindən geninə-eninə, ən başlıcası isə öz bildiyi kimi istifadə edir. Azeuronews.com yazır ki, hərbi sahədə qanunun keşiyində durmalı olan qurumda "piştaxta qanunları” hökm sürür. Hərbi prokurorun müavini Bakıda və rayonlarda qurduğu biznes şəbəkəsini idarə etdiyi üsulları Hərbi Prokurorluqda da tətbiq edir.
Sirr deyil ki, Azərbaycanda iri məmurlar biznes fəaliyyəti ilə məşğuldurlar. Köhnə nazirlərin nəzarətində olan biznes şəbəkələri, iqtisadi sferalar var. Bu üzdən də ölkədə azad sahibkarlıq fəaliyyəti üçün heç bir şərait yoxdur. Nazir-oliqarxlar buna imkan vermir. Artıq bu məsələdə vəziyyət o həddədir ki, orta ranqlı – yəni Şəfaət İmranov çapında olan məmurlar da biznes imperiyası yaradırlar.
Şəfaət İmanov
Ekspertlər hesab edir ki, orta ranqlı məmurların biznes şəbəkəsi qurması daha təhlükəlidir. Çünki onlar orta və kiçik sahibkarlara birbaşa divan tuturlar, onların işləməsinə, azad biznesə, sağlam rəqabətə imkan vermirlər. Bir neçə il əvvəl Göyçayda səfərdə olan gunxeber.com müxbiri maraqlı məlumatlar toplaya bilmişdi. Müxbir yerli sakinlərlə söhbət zamanı öyrənmişdi ki, bu rayonda sadə adamların bizneslə məşğul olmasına imkan verilmir.
Sakinlər demişdilər ki, bu rayonda icra başçısı Mansur Məmmədovun(artıq işdən çıxarılıb) adamları, onun qohum-əqrəbası göyçaylılara göz verib, aman vermir. Kimsə bu rayonda bir iş görmək istəsə, mütləq icra başçısının razılığını almalı və "haqq” verməlidir. Rayonda yalnız yüksək vəzifə tutan şəxslər hansısa iş görə bilir. Mənbə çox maraqlı bir faktı da açıqlamışdı.
Sakinlərdən biri bildirib ki, 2013-cü ildə Göyçayda "Altın Kapı” restoranlar şəbəkəsinin filialı açılıb. Həmin restoran "Generalın restoranı” kimi məşhurdur və rayon rəhbərliyinə aid olan xeyli şəxslər burada yeyib-içirlər. Restoranın sahibi isə hərbi prokuror Xanlar Vəliyevin müavini, əslən Göyçaydan olan Şəfaət Aydın oğlu İmranovdur.
Sakinlər deyiblər ki, Şəfaət İmranovun Bakıda da restoranları var, indi isə o biznes imperiyasını Göyçayadək genişləndirib. Mənbə deyib ki, Göyçaydakı "KİA Motors” ("Altın Kapı” restoranı ilə üzbəüzdür-red.) da Şəfaət İmranova məxsusdur. Əlbəttə, hüquqi və sənədləşmə baxımından bu biznes strukturları başqa şəxslərin adınadır. Ancaq Göyçayda hər kəs bilir ki, bu obyektlər general-mayor Şəfaət İmranovundur.
Qeyd edək ki, Ş.İmranov 2009-cu ildən hərbi prokurorunun müavinidir. O, illərdir ki, biznes şəbəkəsindəki fəaliyyəti ilə Hərbi Prokurorluq sahəsindəki vəzifə səlahiyyətlərini sintez edir. Nəticədə isə generalın şəxsi biznesi genişlənir, ona etibar olunan dövləti işdə isə vəziyyət hər ötən gün qəlizləşir. Belə idarəçiliyin səsi-sorağı prokurorluq sisteminə yenicə qədəm basmış gənclərə də gedib çatıb. Gənclər Hərbi Prokurorluğın mundirini geyib xidmət aparmaqdan boyun qaçırırlar. Oradakı vəziyyətdən xəbərsiz olan stajorlar isə idarəçilikdən doğan dözülməz durumdan dolayı qısa müddət sonra oradan qaçırlar. Odur ki, bu gün Hərbi Prokurorluq qocalar evinə çevirilib, əldən düşmüş, çoxsaylı xəstəliklər buketi qazanmış heyət təqaüdə göndəriləcəkləri günün tezliklə yetişməsi arzuları ilə yaşayırlar. Şəfaət İmranovun isə belə bir qayğısı yoxdur. Ürəyindən 3 dəfə əməliyyat olunan hərbi prokuror müavini isə onun birbaşa iştirakı ilə eybəcər duruma salınan əcaib idarəçilik sükanı arxasındakı epizodik mövqeyini əldən verməmək üçün müxtəlif kombinasiyalar qurmaqdadır. Xüsusən hərbi prokuror səfərdə olduğu günlərdə Şəfaət İmranovun əl-qolu açılır. Belə idarəçilik Hərbi Prokurorluğu barıt çəlləyinə çevirib. Baş Prokurorluq təcili tədbirlər görməsə, böyük narazılıq alovu qaçılmazdır.