Baxıram ki, indi də Rusiya ekspertləri hücuma məruz qalan təyyarəmizin HHM tərəfindən vurulmadığını əsaslandırmaq üçün təyyarənin "Xəzər dənizi üzərindən uzun məsafə qət etməsi" ilə əlaqələndirirlər.
Yəni demək istəyirlər ki, vurulan təyyarə belə bir məsafə qət edə bilməzdi.
Görünür ki onlar yalnız kitabda yazılanları nəzərə alırlar, insan amilini unudublar. Flightradar datası real olaraq göstərir ki, pilotlar nəyin bahasına, hansı vəziyyətdə və hansı ustalıqla təyyarəni Aktauya qədər idarə edə biliblər.
Səmimi deyim, Azərbaycan hökumətinə istinadla qərb mediasının "təyyarə Rusiya tərəfindən vurulub" açıqlaması çox şeyi dəyişdi.
Rusiya ekspertlərinin açıqlamalarına baxıram və təəssüf edirəm.
Bu nəhəng ölkənin, müttəfiq ölkənin rəsmiləri "səhv etmişik" və "üzrxahlığımızı bildiririk" açıqlaması əvəzinə min cür bəhanələr uydurur.
İndi təsəvvür edirəm bu vəziyyətdən çıxmaq üçün Rusiya elitası Azərbaycanın siyasi hakimiyyətinə, hətta Qazaxıstana hansı təzyiqləri edir, hansı şirnikləndirici təkliflər edir.
Prezidentin bu məsələdə prinspial mövqe sərgiləməsi, dövlətin maraqlarını hər şeydən üstün tutması, siyasi iradə ortaya qoyması diqqət cəlb edəndir.
Əslində hər şey Qazaxıstanın əlindədir. Əgər Azərbaycan tərəfi ilə, beynəlxalq ekspertlərlə əməkdaşlıq təmin olunsa demək olar ki, məsələ həllini tapacaq.
Əgər təhqiqat MDB strukturlarına həvalə olunsa hər şey ört-basdır olacaq.
Görəsən Qazaxıstan Rusiyanın basqılarına tab gətirəcəkmi ?
Biz isə inanıram ki, tab gətirə biləcəyik.
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun prezidenti