İlham Əliyev: Dezinformasiya ictimai etimada təsir edir

Prezident media sahəsində peşəkarlıq və obyektivliyə artan tələblərdən danışıb
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciətində müasir informasiya mühitində yaranan çağırışlara toxunub.
Dövlət başçısı bildirib ki, dünya geosiyasi dəyişikliklər, təhlükəsizlik çağırışları və media sahəsində baş verən köklü transformasiyalarla xarakterizə olunan mürəkkəb mərhələdən keçir.
Prezidentin sözlərinə görə, rəqəmsal əsrdə yayılan istənilən məlumatın cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir imkanları var.
İlham Əliyev medianın ictimai rəyin formalaşdırılmasında, qarşılıqlı etimad və anlaşmanın təmin edilməsində mühüm rol oynadığını bildirib.
O qeyd edib ki, dezinformasiyanın yayılması, eləcə də süni intellekt vasitəsilə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir.
Prezident sosial media və rəqəmsal platformaların sürətlə inkişaf etdiyini nəzərə çatdıraraq media institutlarının peşəkarlığı və obyektivliyinə dair tələblərin artdığını vurğulayıb.
Dövlət başçısı etibarlı informasiyanın bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməsinin vacibliyini bildirib.
İlham Əliyev media savadlılığının artırılmasını, yeni texnologiyalardan məsuliyyətli istifadəni və aidiyyəti tərəflər arasında əməkdaşlığın gücləndirilməsini zəruri hesab etdiyini diqqətə çatdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.