Yasamal rayonunda icazəsiz tikinti halları hələ də davam edir. Sakinlərin ciddi narazılığına səbəb olan belə hallardan biri də Mirəli Seyidov küçəsi 165 ünvanında qeydə alınıb.
Son günlərdə sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, bu ünvanda tikinti işləri heç bir rəsmi icazə olmadan aparılır və yerli icra hakimiyyəti məsələyə biganə yanaşır.
Sakinlərin sözlərinə görə, tikinti səs-küyü və toz-torpaq səbəbindən evdə rahat yaşamaq çətinləşib: “Bu tikinti bizi cana yığıb. Günün hansı saatı olur-olsun, səs-küy kəsmir. Havaların isti keçməsi səbəbindən pəncərə açmaq istəyəndə ev toz içində qalır. Artıq dözülməz vəziyyətdir.”
Sakinlər iddia edirlər ki, Yasamal Rayon İcra Hakimiyyəti və şəxsən icra başçısı Elşad Həsənov bu qanunsuzluğun qarşısını almaqda maraqlı görünmür.
Binanın həyətində, yaşayış yerlərinə çox yaxın ərazidə inşa edilən bu obyekt uzun müddətdir narazılıq doğurur.
Vətəndaşlar məsələnin həlli üçün müvafiq dövlət qurumlarına – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər və vəziyyətin araşdırılmasını tələb edirlər.
Lakin bütün etirazlara və rəsmi qurumlara edilən müraciətlərə baxmayaraq, tikinti prosesi hələ də davam etdirilir.
Qeyd etmək lazımdır ki, Yasamal rayonunda bu cür qanunsuz tikintilərlə tez-tez qarşılaşmaq mümkündür.