AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mamoy Mansurov: 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu

  • + A
  • - A
  • 27-05-2025, 19:09

    Mamoy Mansurov: 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu

    Mamoy Mansurov,
    Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


    Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.
    Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət - 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.
    Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
    Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın milli ordusu - Silahlı Qüvvələr yaradıldı.
    Ulu öndər Heydər Əliyev çıxışlarında daim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunacağını, bunun üçün zamana ehtiyac olduğunu, səbirlə, təmkinlə və ağılla hərəkət etmək lazım olduğunu vurğulayırdı. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra atəşkəs müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən dirçəlməsi üçün şərait yarandı. Müvəqqəti atəşkəs rejimi nəticəsində ölkədə daxili sabitliyə nail olundu, dövlətçiliyimiz möhkəmləndirildi, hərbi sənayemiz quruldu, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar aparıldı, bir çox əhəmiyyətli layihələrə imza atıldı.
    Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Ulu Öndərin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərməkdədir. Belə ki, 28 May - Respublika Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Dövlətimizin başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
    Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Bu sahələrdə qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib, xarici dövlətlərlə hərtərəfli beynəlxalq münasibətlər inkişaf etdirilib, balanslaşdırılmış siyasət nəticəsində Cənubi Qafqazda sabitlik təmin olunub.
    Eyni zamanda, ölkəmizdə baş verən sürətli sosial-iqtisadi inkişaf və dəyişikliklər, dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ədliyyə sisteminin inkişafını və beynəlxalq standartlara uyğun qurulmasını zəruri edib.
    2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Qırx dörd günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu.
    Eyni zamanda, Azərbaycan Ordusu tərəfindən döyüşlərdə ən müasir silahlardan peşəkarlıqla istifadə edilməsi, yüksək dağlıq şəraitdə, sıldırım qayalıqlarda həyata keçirilən əməliyyat nəticəsində Şuşanın ermənilərdən təmizlənməsi də Azərbaycanın hərb tarixinə şərəfli səhifə kimi yazıldı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR