Bakıda yazıçı Gülər Mübarizin yeni kitabının təqdimatı keçirilib Mayın 31-də Hyatt Regency otelinin “Nizami room” zalında yazıçı-publisist Gülər Mübarizin “Sözün Mübarizi” adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Tədbir yüksək təşkilatçılıqla və geniş ictimaiyyətin iştirakı ilə yadda qalıb.
Təqdimat mərasimi fon musiqisinin müşayiəti ilə qonaqların qarşılanması ilə başlayıb. Milli ruhlu instrumental ifalar – “Sarı gəlin” kimi əsərlər səsləndirilib, zalda müəllifin fotoşəkilləri və kitab stendi nümayiş olunub.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca aparıcının dərin məzmunlu açılış nitqi səsləndirilib. O bildirib ki, “Sözün Mübarizi” təkcə bir kitab deyil, bir ideya, bir duruş, sözə və həqiqətə sədaqətin təcəssümüdür.
Mərasimin ən emosional anlarından biri yazıçı Gülər Mübarizin çıxışı olub. Müəllif nitqi zamanı ekranda ailə fotoları, mərhum atasına həsr olunmuş emosional görüntülər nümayiş etdirilib. Gülər Mübariz oxucusunu düşündürən, sarsıdan və ruhlandıran mətnlər yaratdığını bildirib: “Söz, silahdır – amma onu doğruluqla yükləmək gərəkdir.”
Tədbirdə şəhid analarının iştirakı və çıxışları xüsusi duyğusal məqamlar yaradıb. Antiterror şəhidi Rasim Məmmədovun anası Xuraman Məmmədova və şəhid Emin İsmayılovun anası Məlahət xanımın çıxışları və ekran vasitəsilə nümayiş olunan videolar mərasim iştirakçılarını kövrəldib. Gülər Mübarizin şəhidlərə həsr etdiyi “Getdiyin kimi qayıt” şeiri Mələyin ifasında səsləndirilib.
Mərasimdə ictimai xadimlər və digər dəyərli şəxslər çıxış ediblər.
Kitab təqdimatında musiqi və poeziya sintezi də tədbirə xüsusi rəng qatıb. Babək Şuşalının ifasında Gülər Mübarizin sözlərinə bəstələnmiş “Eşq”, Gülyanaq Məmmədovanın “Ana” və Xəzər Süleymanlının “Elə darıxaram ki” ifaları tamaşaçılara duyğusal anlar yaşadıb. Oxunan kitab parçaları və müəllifin fikirləri ilə təqdimat həm ədəbi, həm də mənəvi baxımdan dəyərli platformaya çevrilib.
Tədbirdə həmçinin Adalia Beynəlxalq Qadın Platformasının təsisçisi Dilşad Əhədova, rəssam Elnarə Rəsulova, media nümayəndələri və ictimai fəallar da iştirak edib. Təqdimat zamanı Gülər Mübarizin Türkiyədən dəstək göndərən dostlarının – o cümlədən Bedirhan Gökçenin video müraciəti nümayiş olunub.
Sonda Qarabağ mövzusuna toxunulub, qələbə sevinci və xalqın qalib ruhu vurğulanıb. “Qarabağ şikəstəsi” səsləndirilib və tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.
“Sözün Mübarizi” — yalnız oxunacaq yox, hiss ediləcək və cəmiyyətlə bölüşüləcək bir kitabdır. Gülər Mübariz bu əsəri ilə sözə məsuliyyət, oxucuya ümid və cəmiyyətə güc aşılayır. Elnurə Abuşova