Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (ETİ) direktoru, akademik İbrahim Cəfərovun rəhbərliyi ilə daha bir mühüm elmi nəşr işıq üzü görüb. Bu barədə alim özünün sosial şəbəkə hesabında məlumat verib.
Yeni nəşr olunan “Dənli-taxıl və texniki bitkilərin zərərvericiləri” adlı kitab Bakıda 300 tirajla çap olunub. 192 səhifədən ibarət olan kitabda zərərvericilərlə bağlı rəngli fotoşəkillər də yer alıb.
Akademik qeyd edib ki, bu kitab aqronomluq istiqaməti üzrə təhsil alan bakalavr və magistrantlar, doktorantlar, müəllimlər, mütəxəssislər və fermerlər üçün nəzərdə tutulub. Məlumat üçün bildirilib ki, zərərli həşəratlarla bağlı sonuncu fundamental nəşr – “Kənd təsərrüfatı entomologiyası” adlı kitab 1986-cı ildə yazıldığından, artıq elmi və texnoloji baxımdan köhnəlmiş hesab olunur.
Yeni kitab mərhum akademik Siddiqə Rza qızı Məmmədovanın əziz xatirəsinə ithaf olunub.
Qeyd edək ki, bundan əvvəl də institut əməkdaşlarının iştirakı ilə “Bitkilərin xəstəlikləri, onların idarə edilməsi”, “Meyvə bitkilərinin zərərvericiləri”, “Tərəvəz bitkilərinin zərərvericiləri”, “Əkinçilik və bitkiçiliyin əsasları” adlı elmi vəsaitlər çap olunub.
Akademik İbrahim Cəfərov bu uğurun əldə olunmasında əməyi keçən bütün gənc əməkdaşlara təşəkkür edib və onların fəaliyyətindən qürur duyduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.