Jurnalist Dərya Nur Cəfərova əmək hüququnun pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdiyi şikayətə müsbət reaksiya aldığını bildirib. O, sosial şəbəkədə yaydığı paylaşımda problemi obyektiv və operativ şəkildə araşdıran Dövlət Əmək Müfəttişliyi və əməkdaşlarına təşəkkür edib.
“Əvvəlcə mənim vətəndaş hüququmu təmin edən Dövlət Əmək Müfəttişliyinə təşəkkür edirəm. Problemə operativ reaksiya verən əməkdaşlara, müfəttişə, o cümlədən Aynur Osmanqızıya "var olun!" deyirəm,” – deyə Cəfərova qeyd edib.
Dərya Nur Cəfərova onu da əlavə edib ki, Teleqraf Media Qrupu əmək mübahisəsinə görə Dövlət Əmək Müfəttişliyi tərəfindən cərimələnib:
“Əmək Müfəttişliyi Aynur Camalqızından tələb etdiyi hesabatı göndərməsə belə, Teleqrafı cərimələdi. Ancaq bu son deyil. Vergidən yayınma və digər pozuntular üçün məhkəmədə görüşəcəyik. Bu, 5-ci sinif inşalarıyla "Azərbaycan reallıqları" yaradacağın dövr deyil”.
Jurnalist qeyd edib ki, əvvəlcə məsələni qarşı tərəflə sülh yolu ilə həll etməyə çalışıb, lakin ona “nə bilirsən, et” deyə cavab verilib:
“Mən sizə 1 ay dayanmadan izah etməyə çalışdım. Amma son sözünüz o oldu ki, "nə bilirsən, et". Etdim. Necədi? Mən arxamı dövlətə söykədim. Sən isə özün bilərsən”.
Cəfərova iddia edir ki, iş yerində ona gündə üç xəbər yazmaq və eksklüziv materiallar təqdim etmək kimi ağır şərtlər qoyulub, əməkhaqqı isə bu iş yükünü qarşılamayıb:
“Gedib Saraçhanənin önündə İmamoğlunun qarşısını kəsib eksklüziv almalıymışam. Bəlkə gəlib evini də süpürərdim o pula?”
Dərya Nur Cəfərova qarşı tərəfin əməkhaqqını ödəyərək şikayəti geri çəkməsini istədiyini də deyib və əlavə edib:
“O pul mənim haqqım olan puldur. Nəyin bazarlığını aparırsınız? O pulu zatən dövlət sökə-sökə sizdən alıb verəcək mənə.”
Sözügedən yazının linki:
https://www.facebook.com/share/p/1CHDiKFDfg/