Medianın inkişafında strateji yanaşma Agentliyin uğurlu təşəbbüsüdür
8 iyul tarixində Heydər Əliyev Mərkəzində keçirilən “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans və “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi, Medianın İnkişafı Agentliyinin növbəti nümunəvi təşəbbüsü kimi yadda qaldı. Təəssüf ki, ölkə xaricində olduğumdan bu əlamətdar tədbirdə iştirak edə bilmədim. Lakin sosial mediada yayılan görüntülər və paylaşılan fikirlər bir daha göstərdi ki, Medianın İnkişafı Agentliyi informasiya məkanımızda düşünülmüş və strateji layihələrlə mühüm rol oynayır.
Konfransda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafı naminə gördüyü işlər və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən media siyasəti geniş müzakirə edilib. Agentliyin İcraçı direktoru Əhməd İsmayılovun çıxışı xüsusilə diqqətəlayiq idi. O, Ümummilli Liderin müəyyən etdiyi media prinsiplərinin bu gün də informasiya siyasətində öz əksini tapdığını vurğuladı.
Əhməd İsmayılovun rəhbərlik etdiyi Medianın İnkişafı Agentliyi qısa zamanda ölkənin media sektorunda sistemli yanaşma, şəffaf dəstək mexanizmləri və innovativ layihələrlə diqqət mərkəzinə çevrilib. Hər bir təşəbbüsündə peşəkarlıq və ardıcıllıq hiss olunur. Media subyektlərinə göstərilən qayğı, kadr potensialının gücləndirilməsi və hüquqi mühitin təkmilləşdirilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir.
Panel və dəyirmi masa müzakirələrində Ulu Öndərin informasiya sahəsində qoyduğu təməllərin bu gün də uğurla davam etdirildiyi fikri istər siyasətçilər, istər jurnalistlər, istərsə də elm adamları tərəfindən yekdilliklə ifadə olunub. Bu cür tədbirlər medianın ictimai həyatda rolunun gücləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Medianın İnkişafı Agentliyinin belə uğurlu və maarifləndirici layihələri təkcə jurnalistikanın inkişafına deyil, bütövlükdə cəmiyyətin informasiya savadlılığının artırılmasına xidmət edir. Əminəm ki, bu cür təşəbbüslər gələcəkdə də davam etdiriləcək və Azərbaycan mediası beynəlxalq standartlara uyğun inkişaf yolunu uğurla davam etdirəcək.
Elnurə Abuşova