Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin həyata keçirdiyi “NARKOMANİYA – Dünyamızı qaraldan ağ ölüm!” layihəsi çərçivəsində Bakı şəhərinin bir neçə rayonunda məktəblərdə yuxarı sinif şagirdləri ilə maarifləndirici görüşlət keçirilib.
Görüşün əsas məqsədi gəncləri narkomaniyanın yaratdığı təhlükələr barədə məlumatlandırmaq, onların zərərli vərdişlərdən uzaq durmasına, sağlam həyat tərzinə üstünlük verməsinə və narkotik vasitələrin insan həyatına vurduğu ağır fəsadları daha dərindən anlamasına töhfə vermək olub.
Görüş zamanı narkomaniyanın yalnız ayrı-ayrı şəxslərin deyil, bütövlükdə ailənin və cəmiyyətin problemi olduğu vurğulanıb. Şagirdlərə narkotik vasitələrdən istifadənin insanın fiziki və psixoloji sağlamlığına, təhsilinə, gələcək həyatına və sosial münasibətlərinə mənfi təsirləri barədə ətraflı məlumat verilib.
Layihə rəhbəri çıxışında bildirib ki, layihənin əsas hədəflərindən biri gənclər arasında narkomaniyanın fəsadları barədə düzgün təsəvvür formalaşdırmaqdır:
— Bu gün narkomaniya cəmiyyətin qarşısında duran ən ciddi problemlərdən biridir. Xüsusilə yeniyetmə və gənclərin bu təhlükədən qorunması üçün onların erkən yaşlarından maarifləndirilməsi vacibdir. Biz layihə çərçivəsində məktəblilərlə görüşlər keçirərək onları narkotik vasitələrin yaratdığı təhlükələr barədə məlumatlandırmağa çalışırıq. Əsas məqsədimiz gənclərə sağlam həyatın, düzgün seçimlərin və gələcəyə məsuliyyətlə yanaşmağın əhəmiyyətini aşılamaqdır.
“İnkişaf və Rifah Naminə” İctimai Birliyin sədri Zəminə Səfərova bildirib ki, narkotik vasitələrdən istifadəyə münasibətdə “bir dəfə sınamaqla heç nə olmaz” kimi yanlış düşüncə ciddi fəsadlara səbəb ola bilər. Onun sözlərinə görə, yeniyetmələrin bu istiqamətdə düzgün məlumatlandırılması onların gələcəkdə qarşılaşa biləcəkləri risklərin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.
Görüş zamanı şagirdlərə narkotik asılılığının insanın sağlamlığı ilə yanaşı, onun ailə münasibətlərinə, təhsilinə, sosial həyatına və gələcək planlarına necə təsir göstərə biləcəyi izah olunub.
Onların qarşılaşdıqları problemləri gizlətməməyə, çətin vəziyyətlərdə valideynlərə, müəllimlərə və etibar etdikləri şəxslərə müraciət etməyə çağırıb.
Müəlliimlər qeyd edib ki, belə görüşlər zamanı şagirdlərin mütəxəssislərlə birbaşa ünsiyyət qurması onların mövzu ilə bağlı suallarına cavab tapmasına və narkomaniyanın fəsadlarını daha aydın dərk etməsinə imkan yaradır.
Görüşün ən maraqlı hissələrindən biri şagirdlərin ekspertlərə ünvanladığı suallar və qarşılıqlı fikir mübadiləsi olub.
Məktəblilər narkomaniyanın yaranma səbəbləri, narkotik vasitələrin insan orqanizminə təsiri, zərərli vərdişlərdən qorunma yolları və gənclərin bu kimi təhlükələrdən uzaq durması üçün atılmalı addımlarla bağlı suallar verilib.
İştirakçılar tərəfindən verilən suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Şagirdlərin fəallığı və müzakirələrdə iştirakı görüşün interaktiv və maraqlı keçməsinə şərait yaradıb.
Tədbirdə xüsusilə vurğulanıb ki, narkomaniyaya qarşı mübarizədə yalnız dövlət qurumlarının və ictimai təşkilatların deyil, ailənin, məktəbin və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Gənclərin düzgün istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana, təhsilə və digər faydalı fəaliyyətlərə yönləndirilməsi bu mübarizənin mühüm istiqamətlərindən biridir.
Maarifləndirici görüşün sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb. Bukletlərdə narkomaniyanın insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, narkotik vasitələrdən uzaq durmağın əhəmiyyəti və sağlam həyat tərzi ilə bağlı məlumatlar yer alıb.
Tədbirin sonunda iştirakçılar belə maarifləndirici görüşlərin məktəblilər arasında davam etdirilməsinin vacibliyini qeyd ediblər.