Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə elan olunmuş “Sülh Aylığı” (21 avqust – 21 sentyabr) çərçivəsində “Sülhə sərmayə: insan hüquqları, ərzaq təhlükəsizliyi və dayanıqlı kənd təsərrüfatı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Görüşdə sülh anlayışı yalnız müharibənin olmaması kimi deyil; insan hüquqları, ərzaq və su təhlükəsizliyi, eləcə də dayanıqlı kənd təsərrüfatı faktoru ilə vəhdətdə geniş müzakirə olunub. Tədbirə institut əməkdaşları, elmi və ali təhsil müəssisələrinin nümayəndələri, mütəxəssislər daxil olmaqla geniş heyət qatılıb.
Tədbirin rəsmi hissəsinə başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov “Qlobal miqyasda ərzaq və su təhlükəsizliyi və onların idarə edilməsi” mövzusunda təqdimatla çıxış edərək, müasir qlobal çağırışlar fonunda strateji resursların səmərəli idarə olunmasının müstəsna əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Mövzunun tarixi aspektlərinə işıq salan Gəncə Dövlət Universitetinin Baş müşaviri, tarix elmləri namizədi, dosent Asif Cavadov “Tarixdə sülh və həmrəylik ənənələri” məruzəsində əsrlər boyu formalaşmış birgəyaşayış mədəniyyətinin cəmiyyətlərin inkişafındakı rolundan bəhs edib.
İşğaldan azad edilmiş ərazilərin aqrar potensialını təhlil edən Azərbaycan Texnologiya Universitetinin kafedra müdiri, dosent Mehman İsmayılov “Böyük Qayıdış və ərzaq təhlükəsizliyi: Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı aqrar inkişafın elmi əsasları” mövzusunda çıxış edərək, bu bölgələrdə kənd təsərrüfatının elmi əsaslarla bərpa perspektivlərini geniş şərh edib.
Tədbirdə, həmçinin İnstitutun əməkdaşı Nigar Qədimova “Qarabağda dirçələn həyat: yaşıl enerji və layiqli yaşamaq hüququ”, hüquqşünas Namiq Əliyarov “Sülh və hüquqi dövlətin əsasları”, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Zümrüd Qəhrəmanova isə “İnsan hüquqları və sülh mədəniyyəti” mövzularında çıxış ediblər. Çıxışlarda insan hüquqlarının qorunması, hüququn aliliyi, Qarabağda bərpa və quruculuq, yaşıl enerji və sülh mədəniyyətinin dayanıqlı inkişafda rolu diqqətə çatdırılıb.
Geniş fikir mübadiləsi şəraitində davam edən tədbirdə sülhün sosial rifah, ərzaq təhlükəsizliyi və insan hüquqları ilə sıx bağlı olduğu bir daha vurğulanıb. Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.