AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

PƏRİXANIM...

  • + A
  • - A
  • Bu gün, 18:06

    PƏRİXANIM...


    Elə insanlar var ki, onların haqqında danışanda sözlər adiləşir, cümlələr yetərsiz qalır. Çünki bir insanın bütün gözəlliyini sözə sığdırmaq olmur. Pərixanım da elə insanlardandır...
    Bu gün gözəl bir insanın — yazıçı-publisist, dövlət qulluğunun baş müşaviri, F.B. Köçərli irsinin yorulmaz tədqiqatçısı, beş dəyərli kitabın müəllifi Pərixanım Mikayılqızının doğum günüdür.
    Amma Pərixanımın böyüklüyünü yalnız titulları, yazdığı kitablar, gördüyü işlər müəyyən etmir.
    Onun ən böyük əsəri bəlkə də öz ömrüdür.
    O ömrün səhifələrində sədaqətli həyat yoldaşı, mehriban ana, nəvələrinin gözlərində dünyanın ən sevimli nənəsi, dostlarının qəlbində isə etibar edilən, sirr saxlayan, dərd bölüşən, sevincə şərik olan doğma bir insan yaşayır.
    Pərixanımın nənəliyi tamam başqa bir sevgidir...
    Nəvələrinin adını çəkəndə səsindəki sevinc, onlardan danışanda gözlərində yaranan işıq adamın ürəyinə toxunur. Hər birinin uğurunu öz uğuru bilir, hər birinin sevincini öz sevincindən üstün tutur. Onlarla keçirdiyi vaxt onun üçün dünyanın ən qiymətli sərvətidir. Çünki bəzi sevgilər sözlə ifadə olunmur — nənə ürəyində yaşayır.
    Pərixanım həm də dostluğun gözəl adıdır.
    Elə dost ki, yanında özünü olduğun kimi hiss edirsən. Elə rəfiqə ki, sevincini danışanda səninlə birlikdə sevinir, dərdini söyləyəndə səninlə birlikdə susur. Elə ürək dostudur ki, bəzən heç nə demədən də nə hiss etdiyini anlayır.
    Onun mərhəməti səssizdir, xeyirxahlığı təmənnasız...
    Yaxşılıq etməyi həyatının mənəvi borcu sayır. Kiminsə dar günündə yanında olmaq, kiminsə sevincinə şərik çıxmaq onun üçün xüsusi bir mərasim deyil — xasiyyətidir, təbiətidir.
    O, əsl xeyir-şər adamıdır.
    Dostunun xeyir işində də, ağır günündə də yanındadır. Məclislərdə başda görünməsi də elə bundandır. Çünki Pərixanım olan məclisdə doğmalıq olur, səmimiyyət olur, ürək olur...
    Bəlkə də insanın həyatda qazandığı ən böyük sərvət budur:
    arxanca xoş söz deyən insanlar, yoxluğunda səni axtaran dostlar, sevincinə sevinən ürəklər və varlığından rahatlıq tapan doğmalar...
    Pərixanım, Siz bu sərvəti illər boyu öz əllərinizlə yaratmısınız.
    Qələminizlə sözə,
    xeyirxahlığınızla həyata,
    məhəbbətinizlə ailənizə,
    sədaqətinizlə dostlarınıza,
    nəvələrinizə olan sonsuz sevginizlə isə gələcəyə iz qoymusunuz.
    Doğum gününüz mübarək olsun, əziz Pərixanım!
    Qoy həyatınızın bundan sonrakı səhifələri də yazdığınız ən gözəl əsərlər qədər işıqlı olsun.
    Qoy qəlbinizi heç bir kədər incitməsin.
    Qoy evinizdən gülüş, süfrənizdən bərəkət, ürəyinizdən ümid əskik olmasın.
    Qoy övladlarınız həmişə başınızı uca etsin, nəvələrinizin hər uğuru Sizə yeni bir ömür bəxş etsin.
    Qoy dostlarınız həmişə ətrafınızda olsun və Siz də həmişə onların ən xoş günlərinə şahidlik edəsiniz.
    Allah Sizə elə uzun ömür versin ki, bu gün Sizinlə fəxr edən nəvələrinizin övladlarının da sevincini görəsiniz.
    Və bir gün geriyə baxanda deyəsiniz:
    “Mən bu həyatda yaxşı insanlara rast gəldim, yaxşı insanlar yetişdirdim, sevdim, sevildim və bacardığım qədər yaxşılıq etdim...”
    Bundan böyük xoşbəxtlik varmı?..
    Yaxşı ki, doğulmusunuz, Pərixanım!
    Yaxşı ki, varsınız!
    Yaxşı ki, Sizi tanıyan insanların həyatında Sizin kimi gözəl qəlbli bir insanın izi var.
    Sizə möhkəm can sağlığı, ailə səadəti, qələminizə tükənməz ilham, ürəyinizə sonsuz sevinc arzulayıram.
    Ömrünüz uzun, yolunuz işıqlı, könlünüz həmişə bahar olsun!
    Doğum gününüz mübarək, əziz Pərixanım!
    Sizi sevən bütün ürəklərin sevgisi daim Sizinlə olsun.
    Sevgilərimlə,
    Şəmsiyyə Kərimova,
    Əməkdar jurnalist
    14.09. 2026 Tovuz



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR