Hacı Salayev Bir xalqın qazandığı Zəfərin ən böyük dəyəri onun yaddaşında necə yaşadılmasıdır. Azərbaycan üçün 44 günlük Vətən müharibəsinin tarixi nəticəsi yalnız işğaldan azad edilmiş ərazilərlə ölçülmür. Bu Zəfər həm də şəhidlərimizin əmanətidir.
27 Sentyabr – Anım Günü həmin əmanətin qarşısında dayanıb bir daha düşünmək üçün xüsusi gündür. Çünki bu tarix Azərbaycan xalqına ən ağır itkini və ən böyük qüruru eyni anda yaşatdı.
Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq xalqın yaddaşında əbədi yaşayacaq. Döyüş meydanında nümayiş etdirilən şücaət, arxa cəbhədəki həmrəylik və bütün xalqın ordunun ətrafında bir yumruq kimi birləşməsi Azərbaycanın Zəfərinin əsas mənzərəsini formalaşdırdı.
Bu Zəfərdən sonra qarşıda yeni vəzifələr yarandı. İşğaldan azad edilmiş ərazilərin bərpası, şəhər və kəndlərin yenidən qurulması, insanların öz doğma torpaqlarına qayıtması başladı.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda görülən genişmiqyaslı quruculuq işləri də məhz həmin Zəfərin davamıdır. Vaxtilə dağıdılmış yaşayış məntəqələrinin yerində yeni şəhərlər və kəndlər salınır, yollar, məktəblər, xəstəxanalar, sosial obyektlər inşa edilir.
Şəhid ailələri və qazilər isə dövlətin diqqət mərkəzindədir. Onların sosial müdafiəsi, müalicəsi, reabilitasiyası və mənzil təminatı istiqamətində müxtəlif proqramlar həyata keçirilir.
“YAŞAT” Fondu da şəhid ailələrinə və müharibə nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə dəstək göstərən əsas mexanizmlərdən biridir.
Zəfərin yaddaşda yaşadılması üçün Bakıda yaradılan Zəfər parkı və Zəfər muzeyi də xüsusi əhəmiyyət daşıyır.
Zəfər parkı 44 günlük müharibənin rəmzlərini özündə birləşdirir. Parkın girişindəki 44 metrlik Zəfər tağı müharibənin 44 gününü simvolizə edir. Burada yaradılan memorial məkanlar Azərbaycanın keçdiyi yolu, xalqın birliyini və qazanılan Zəfəri gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Zəfər muzeyində isə Qarabağın tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin müxtəlif mərhələləri, 44 günlük Vətən müharibəsi, Şuşanın azad olunması, qəhrəmanlarımızın yolu və Azərbaycanın ərazilərində dövlət suverenliyinin bərpası kimi mühüm mövzular təqdim edilir.
Beləliklə, şəhidlərin xatirəsi yalnız bir günlə məhdudlaşmır. Onların adı küçələrdə, məktəblərdə, memoriallarda, muzeylərdə, ailələrin xatirələrində və xalqın yaddaşında yaşayır.
Anım Günü isə bu yaddaşın ən dərin məqamıdır.
Bu gün biz həm itirdiklərimizi xatırlayır, həm də onların uğrunda canlarından keçdiyi Azərbaycanın bu gününü düşünürük. Şəhidlərin ən böyük əmanəti torpaq idi. Bu gün həmin torpaqlarda həyat yenidən qurulur.
Qarabağda salınan yeni şəhərlər, qayıdan ailələr, bərpa olunan tarixi və mədəni abidələr Zəfərin yalnız hərbi deyil, həm də quruculuq mərhələsinin göstəricisidir.
Şəhidlərimiz bu torpaqları bizə əmanət etdi. Bizim borcumuz isə həmin əmanəti qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.
27 Sentyabrda ölkənin hər yerində bir dəqiqəlik sükutla yad edilən şəhidlərimizin xatirəsi əslində bir xalqın yaddaşında daim yaşayır.
Onlar bu torpağın tarixidir.
Onlar Azərbaycanın Zəfər salnaməsinin ən müqəddəs səhifəsidir.
Ruhları şad olsun!