“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və “Admiral S.O. Makarov adına Dövlət Dənizçilik və Çay Donanması Universiteti” arasında akademik və elmi-texniki əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb.
Sənədi ASCO-nun sədri Rauf Vəliyev və “Admiral S.O. Makarov adına Dövlət Dənizçilik və Çay Donanması Universiteti”nin rektoru Sergey Barişnikov imzalayıblar.
Sazişin əsas məqsədi tərəflər arasında peşə təhsili, gəmiçilik, gəmiqayırma və gəmi təmiri üzrə dəniz mütəxəssislərinin hazırlanması, həmçinin göstərilən istiqamətlərdə elmi fəaliyyət sahəsində əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir.
Sənədə əsasən, tərəflər tələbə (kursant), müəllim, elmi tədqiqatçı və digər mütəxəssislərin təhsil və elmi mübadiləsini həyata keçirəcəklər. Həmçinin elmi, pedaqoji və metodiki məlumatların mübadiləsi, elmi və akademik proqram və layihələr üzrə birgə təhsil materiallarının, elmi məqalələrin hazırlanması, habelə dəniz və daxili su nəqliyyatı, logistika sahələrində beynəlxalq layihələrin işlənməsi istiqamətində ikitərəfli və çoxtərəfli tədris və elmi-tədqiqat işləri aparacaqlar.
Bundan başqa, tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə zərurət yarandıqca tədris treninqlərinin, tanışlıq səfərlərinin, işgüzar müşavirələrin, konfransların keçirilməsi, mütəxəssis mübadiləsinin aparılması barədə də razılıq əldə olunub.
Akademik və elmi-texniki əməkdaşlıq haqqında çərçivə sazişi 5 il müddətinə bağlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.