Tramp ABŞ fond bazarındakı enişi 3 noyabr seçkilərinin nəticələri ilə əlaqələndirib

ABŞ Prezidenti Donald Tramp ölkənin fond bazarında müşahidə olunan kəskin enişin 3 noyabr tarixində keçirilmiş aralıq seçkilərin nəticələri ilə bağlı olduğunu bildirib.
Trampın sözlərinə görə, əgər o da seçkilərdə iştirak etsəydi, nəticələr tamamilə fərqli olardı və həm fond bazarı, həm də amerikalıların pensiya yığımları sürətlə artardı.
“3 noyabr seçkilərinin nəticələrinə görə səhmlərin qiyməti kəskin şəkildə düşür. Mən seçki bülletenində yox idim. Amma iştirak etsəydim, əvvəlki üç seçkidə olduğu kimi, nəticələr tamamilə fərqli olardı, fond bazarı və sizin pensiya yığımlarınız sürətlə artardı. Mən bunu əvvəlcədən demişdim\!”, – deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
ABŞ fond bazarında həqiqətən də eniş qeydə alınır. “The Daily Beast” nəşrinin məlumatına görə, noyabrın əvvəlindən etibarən S&P 500 indeksi təxminən 6 faiz, yaxud 450 bənd geriləyib. Nasdaq texnologiya indeksi isə çərşənbə günü əvvəlki ticarət sessiyalarında əldə etdiyi artımı itirərək, təxminən 4 faiz azalıb.
Bununla belə, analitiklər fond bazarına təzyiq göstərən amillərin yalnız siyasi səbəblərlə məhdudlaşmadığını bildirirlər. Onların fikrincə, enişə süni intellekt və yarımkeçiricilər sahəsində fəaliyyət göstərən şirkətlərin səhmlərinin kütləvi satışı, inflyasiya ilə bağlı narahatlıqlar və ABŞ administrasiyasının tarif qərarlarının nəticələri də təsir göstərir.
Qeyd edək ki, Trampın bəhs etdiyi 401(k) pensiya planları ABŞ vətəndaşlarına pensiya üçün vəsait toplamaq, o cümlədən həmin vəsaitləri fond bazarına investisiya etmək imkanı yaradır.
Bu səbəbdən səhmlərin dəyərinin azalması həmin pensiya yığımlarının məbləğinə də təsir göstərə bilər. Lakin itkilərin miqyası hər bir şəxsin investisiya portfelinin strukturundan asılıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.