AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Susqunluq zorakılığın ən böyük müttəfiqidir

  • + A
  • - A
  • Bu gün, 20:31

    Susqunluq zorakılığın ən böyük müttəfiqidir

    Elnurə Abuşova,
    Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri


    25 Noyabr – Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günüdür.

    25 noyabr hər birimizə qadınların təhlükəsiz yaşamaq, azad seçim etmək, hörmət görmək və insan ləyaqətini qorumaq hüququ olduğunu xatırladır.

    Qadına qarşı zorakılığa susmayaq. Susqunluq zorakılığın ən böyük müttəfiqidir
    Bəzən bir qadının susqunluğunun arxasında illərlə davam edən qorxu, göz yaşları, təhqirlər və heç kimə danışa bilmədiyi ağrılar dayanır. Bəzən bir evin bağlı qapıları arxasında baş verənlər cəmiyyətin görmək istəmədiyi, eşitmək istəmədiyi bir həqiqətə çevrilir. Halbuki zorakılıq qapalı qapılar arxasında qaldıqca bitmir, əksinə, daha da dərinləşir.

    Qadına qarşı zorakılıq dedikdə yalnız fiziki xəsarətləri nəzərdə tutmamalıyıq. Təhqir, alçaltma, təhdid, psixoloji təzyiq, iqtisadi asılılıq yaratmaq, şəxsi azadlığı məhdudlaşdırmaq, məcburiyyət və rəqəmsal təqib də zorakılığın müxtəlif formalarıdır. Bəzən bir qadının bədənində heç bir xəsarət olmur, amma ruhunda illərlə sağalmayan yaralar daşıyır.

    Beynəlxalq statistik göstəricilər problemin miqyasının nə qədər böyük olduğunu ortaya qoyur.
    Nəzərə alaq ki, rəqəmlərin arxasında insan taleləri dayanır.

    Ümumdünya Səhiyyə Təşkilatının 2026-cı ildə dərc etdiyi məlumatlara əsasən, dünyada təxminən hər üç qadından biri – 840 milyon qadın və qız həyatı boyu fiziki və ya cinsi zorakılığın müəyyən forması ilə üzləşib.

    BMT-nin Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Mübarizə Gününə dair məlumatında bildirilir ki, 2024-cü ildə dünyada təxminən 50 min qadın və qız intim partnyoru və ya ailə üzvü tərəfindən öldürülüb. Bu, hər gün orta hesabla 137 qadın və qızın həyatdan məhrum edilməsi, təxminən hər 10 dəqiqədə bir qadının qətlə yetirilməsi deməkdir.

    Azərbaycanda da vəziyyət narahatlıq doğurur. Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən yayılan statistikaya görə, 2025-ci ildə ölkədə məişət zorakılığı ilə bağlı 1 396 cinayət qeydə alınıb. Bu cinayətlər nəticəsində 1 176 qadın zərər çəkib.

    2026-cı ilin ilk altı ayında isə 716 məişət zorakılığı cinayəti qeydə alınıb. Nəticədə 722 nəfər zərər çəkib, onların 608-i qadın olub. Həmin dövrdə məişət zorakılığı nəticəsində həyatını itirən 22 nəfərin 15-i qadın, 7-si kişi olub. Hər rəqəmin arxasında bir insanın həyatı, bir ailənin faciəsi, yarımçıq qalan arzular və bəzən də qorunması mümkün olan bir həyat dayanır.

    Ən təhlükəli yanaşma “Ailə məsələsidir, qarışmayaq!”dır.
    Cəmiyyət olaraq dəyişməli olduğumuz ən ciddi düşüncə tərzlərindən biri zorakılığa ailədaxili məsələ kimi yanaşmaqdır.
    “Ər-arvadın arasına girmək olmaz”, “ailəni qorumaq lazımdır”, “uşaqlara görə dözməlidir”, “qadın bir az səbirli olmalıdır” kimi yanaşmalar zorakılığın davam etməsinə şərait yaradır.

    Ailəni qorumaq qadının həyatını, sağlamlığını və ləyaqətini qurban vermək demək deyil. Heç bir ailə bir insanın qorxu içində yaşaması bahasına qorunmamalıdır.

    Zorakılığa məruz qalan qadını günahlandırmaq, onun geyimini, davranışını, həyat tərzini müzakirə etmək əvəzinə, zorakılıq törədən şəxsin məsuliyyətindən danışmalıyıq.
    Bir qadının kömək istəməsi zəiflik deyil. Bu, öz həyatını qorumaq üçün atdığı cəsarətli addımdır.

    Qadınların müdafiəsi yalnız qanunların mövcudluğu ilə bitməməlidir. Zorakılıqla mübarizə üçün qanunların qəbul edilməsi vacibdir, lakin qanunların real həyatda işləməsi daha vacibdir.

    Zərərçəkən qadın müraciət etdikdə onun şikayəti ciddi qəbul edilməli, təhlükəsizliyi təmin olunmalı, hüquqi və psixoloji yardım əlçatan olmalıdır. Müvəqqəti sığınacaqların, dəstək mərkəzlərinin və reabilitasiya xidmətlərinin imkanları genişləndirilməlidir.

    Uşaqların erkən yaşlardan sağlam münasibətlər, qarşılıqlı hörmət, bərabərlik və şəxsi sərhədlər barədə maarifləndirilməsi vacibdir. Çünki zorakılığın qarşısını almaq yalnız onun nəticələri ilə mübarizə aparmaq deyil, həm də onun yaranmasına səbəb olan düşüncə tərzini dəyişməkdir.

    Mən hesab edirəm ki, bu məsələdə medianın, təhsil müəssisələrinin, dövlət qurumlarının, ictimai təşkilatların və hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Zorakılıq halları işıqlandırılarkən zərərçəkənlərin şəxsi həyatı və təhlükəsizliyi qorunmalı, sensasiya deyil, maarifləndirmə və məsuliyyət ön plana çəkilməlidir.

    Bütün cəmiyyətə müraciət edirəm: "Susmayaq, görməzlikdən gəlməyək!"
    Bir daha vurğulamaq istəyirəm: qadına hörmət sadəcə gözəl sözlərdən və bayram təbriklərindən ibarət olmamalıdır. Bu hörmət gündəlik həyatda, ailədə, iş yerində, küçədə və cəmiyyətin bütün sahələrində özünü göstərməlidir.

    Heç bir qadın döyülməyə, təhqir olunmağa, alçaldılmağa, təhdid edilməyə və iradəsindən kənar qərarlara məcbur edilməyə layiq deyil.

    Qadınların təhlükəsizliyi yalnız qadınların problemi deyil. Bu, bütövlükdə cəmiyyətin problemidir. Çünki zorakılığın olduğu cəmiyyətdə nə həqiqi ailə rifahından, nə sağlam gələcəkdən, nə də sosial ədalətdən danışmaq mümkündür.

    Bu gün hər birimiz özümüzə bir sual verməliyik: Zorakılığa məruz qalan bir qadının səsini eşitdiyimiz zaman onun yanında olacağıqmı, yoxsa susmağa davam edəcəyik?
    Susqunluq zorakılığa son qoymur. Əksinə, bəzən ona yol açır.
    Qadın qorxu ilə deyil, güvənlə yaşamalıdır. Qadın susmağa deyil, eşidilməyə layiqdir. Zorakılığa bəraət yoxdur!

    Mənim üçün 25 noyabr bir gün deyil, hər gün davam etməli olan mübarizənin xatırladılmasıdır.

    #qht #ngo #ausdib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR