Finlandiya və Norveç Baltik dənizində Rusiya ilə hərbi toqquşmanın qarşısını almaq üçün gizli diplomatik səylər göstərib

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Baltik dənizində Rusiya ilə mümkün hərbi toqquşmanın qarşısını almaq məqsədilə ictimaiyyətə açıqlanmayan diplomatik təşəbbüslərlə çıxış ediblər.
“The Wall Street Journal” (WSJ) qəzeti vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir ki, oktyabrın 27-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı iki Şimali Avropa ölkəsinin liderləri təkcə Ukraynadakı müharibənin dayandırılmasını deyil, həm də Baltik dənizində mümkün gərginliyin azaldılmasını müzakirə ediblər.
Nəşrin məlumatına görə, Stubb və Störe Rusiya rəhbərliyini NATO-nun Rusiya neftinin daşınması üçün mühüm dəniz marşrutunu bloklamaq niyyətində olmadığına inandırmağa çalışıblar.
Bu mesajın Moskvaya çatdırılması üçün liderlərin Kremlə birbaşa çıxışı olan rusiyalı milyardarderə müraciət etdiyi bildirilir. Sahibkar Norveçin yüksək vəzifəli nümayəndələri ilə məsləhətləşmələr apardıqdan sonra Moskvaya qayıdaraq müvafiq mesajı Putinə çatdırıb. WSJ iş adamının adını açıqlamayıb.
Qəzetin yazdığına görə, Moskvanın mümkün blokada ilə bağlı narahatlıqları fonunda Baltik dənizində gərginlik artıb. Rusiya neftinin dəniz yolu ilə ixracının 60 faizindən çoxu məhz bu regiondan həyata keçirilir. Eyni zamanda, Baltik dənizi NATO üzvü olan ölkələrlə əhatə olunub.
Qərb rəsmilərinin WSJ-yə bildirdiyinə görə, Rusiya hərbi gəmiləri neft tankerlərini müşayiət etməyə və Qərb hərbi-dəniz qüvvələri ilə sahil mühafizəsi xidmətlərinin həmin gəmiləri yoxlamaq cəhdlərinə mane olmağa başlayıb. Bir ildən bir qədər artıq müddətdə Almaniya Sahil Mühafizəsi Baltik və Şimal dənizlərində bu cür müşayiətin 260 halını qeydə alıb.
May ayında Rusiya kommersiya gəmilərinin müdafiəsi məqsədilə hərbi gücdən istifadəyə imkan verən qanun qəbul edib. Moskva, həmçinin Kalininqrad vilayətinin müdafiəsini gücləndirərək bölgəyə əlavə pilotsuz uçuş aparatları, radar sistemləri və radioelektron mübarizə vasitələri yerləşdirib.
Avqust ayında Putin Qərbin tankerləri saxlamaq cəhdlərini “piratçılıq və quldurluq” adlandıraraq cavab tədbirləri ilə hədələyib. WSJ-nin məlumatına görə, sentyabrda Kreml NATO-ya Baltik regionunda Rusiya maraqlarını qorumaq üçün qabaqlayıcı nüvə zərbələri endirməyə hazır olduğu barədə yazılı xəbərdarlıq göndərib.
Putinlə telefon danışığından sonra Stubb və Störe Ukraynadakı müharibəni və diplomatik həllin zəruriliyini müzakirə etdiklərini açıq şəkildə təsdiqləyiblər. Lakin WSJ-nin mənbələrinə görə, təmasın əsas məqsədlərindən biri də Baltik dənizində eskalasiya riskini azaltmaq olub.
Bu diplomatik səylər üçün son sınaqlardan biri Ukrayna pilotsuz uçuş aparatlarının Finlandiya körfəzində Rusiyaya məxsus yük gəmisinə zərbə endirməsi olub. Finlandiya hakimiyyəti xilasetmə əməliyyatını Rusiya tərəfi ilə əlaqələndirib. Gəmidəki yanğın söndürüldükdən sonra zədələnmiş gəminin Rusiya xidmətləri tərəfindən yedəklənməsinə icazə verilib.
Qeyd edək ki, Stubb və Störe daha əvvəl Putinlə telefon danışıqlarının Ukraynada sülh prosesinə töhfə vermək məqsədi daşıdığını bildirmişdilər.
Bununla belə, təşəbbüs bəzi Avropa müttəfiqlərinin, o cümlədən Danimarkanın tənqidinə səbəb olub. Kopenhagen məsləhətləşmələrin digər tərəfdaşlarla əvvəlcədən razılaşdırılmamasından narazılığını ifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.