Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesindəki yeniliklə bağlı vətəndaş müraciəti davam edir. Daxil olan 370 vətəndaş müraciəti (15-23 yanvar tarixlərində) cavablandırılıb və müvafiq qaydalara uyğun şəkildə icra olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Çağrı Mərkəzinə (146-1 nömrəli) 311 zəng, dislokasiya@baku.edu.gov.az elektron poçtuna 45 müraciət daxil olub. 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə isə 14 vətəndaş müraciət edib.
Qeyd edək ki, I sinfə elektron qeydiyyat prosesi ilə bağlı ilk dəfə olaraq bu ildən məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. I sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.
Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirə bilirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər 15 fevral 2024-cü il tarixinədək 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq müvafiq formanı doldurmaqla təklif və rəylərini verə bilərlər.
Onu da qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər.
Əlavə sualı olan vətəndaşlara BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etmək və ya
dislokasiya@baku.edu.gov.az elektron poçtuna yazmaq tövsiyə olunur.
Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək. Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər. Daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.