Sosial Tədqiqatlar Mərkəzi Türkiyənin 11 vilayətində humanitar fəlakətlərə yol açmış, son rəqəmlərə əsasən 46 min 104 nəfər insanın həlak olması ilə nəticələnmiş zəlzələ hadisəsindən irəli gələrək, Azərbaycanda bu kimi fövqəladə hallara qarşı ictimai davranış və mühakimələrin öyrənilməsi, risklərin qiymətləndirilməsi məqsədilə rəy sorğusu keçirib.
Qeyd edək ki, zəlzələ və bənzər fövqəladə hadisələr təbiət elmlərinə aid mövzu kimi qəbul edilsə də, bu kimi fəlakətlər zamanı sosial-psixoloji travmalar və ictimai sabitliyin pozulması, ümumi nizamın yenidən qurulması və həmrəylik prosesləri sosiologiyanın, xüsusilə “fəlakət sosiologiyası” (sociology of disaster) sahəsinin predmetidir. Başqa sözlə, fəlakətlərlə bağlı tədqiqatlarda sosioloji yanaşma elmi ədəbiyyatlarda əksini tapan altı əsas yanaşmadan biri hesab olunur.
Metodologiya
Sorğunun sahə işi 11 fevral – 14 fevral 2023-cü il tarixində icra olunub. Sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 384 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb. Sorğu ölkənin üç böyük şəhərində - Bakı, Sumqayıt və Gəncə şəhərlərində yalnız bina evlərində yaşayan şəxslər arasında keçirilib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən şəhərlərə aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib, bina evində yaşadığı təsdiqlənən şəxslərə sorğuda iştirak etməsi təklif olunub. Sorğuda əhatə olunan respondent sayı statistik tələblərə və beynəlxalq elmi metodologiyaya uyğun olaraq müəyyən edilib. Nəticələr 95% əminlik intervalında olmaqla xəta əmsalı 5%-ə bərabərdir.
I. Risklərin qiymətləndirilməsi
Rəy sorğusu göstərir ki, ölkənin üç ən böyük şəhərində insanların 58%-i istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşıb. Onların 23%-i son 30 il ərzində tikilmiş binalarda yaşayır. İştirakçıların 19%-i yaşadığı binanın yaşı barədə məlumatsız olduğunu bildirib ki, onların da əksəriyyəti köhnə binalarda məskunlaşanlardır. Başqa sözlə, istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşanların sayının sözügedən göstəricidən yüksək olması istisna edilmir.
- Bakı şəhəri üzrə sorğuda iştirak edənlərin 26%-i, Gəncə şəhəri üzrə 18%-i son 30 il ərzində inşa edilmiş binalarda yaşadığını qeyd etdiyi halda, Sumqayıt şəhəri üzrə analoji göstərici cəmi 7% təşkil edib.
- İştirakçıların 44%-i istismar müddəti 30 ildən 60 ilə qədər olan, 13%-i 60 ildən yuxarı olan binalarda məskunlaşıb. Həmçinin 7%-i son 10 il ərzində, 16%-i 10 ildən 30 ilə qədər müddətdə tikilmiş binalarda yaşayır.
- Rəy sorğusunda iştirak edənlərin 9%-i iki-dörd mərtəbəli binalarda, 39%-i beş mərtəbəli binalarda, 1%-i altı-yeddi mərtəbəli binalarda, 31%-i doqquz mərtəbəli binalarda məskunlaşıb. Həmçinin iştirakçıların 9%-i 15-24, 11%-i 15-24 mərtəbəli binalarda yaşayır.
Sorğu çərçivəsində iştirakçılardan hazırda yaşadıqları binaların birinci (giriş) mərtəbəsinin nə dərəcədə ticarət və iaşə obyektlərindən ibarət olması öyrənilib. Qeyd edək ki, bu hal binanın bünövrə və konstruksiyasına sonrakı müdaxilə halları baxımından riskli hesab olunur. Nəticələr istismar müddəti 30 ildən artıq olan binalarla müqayisədə yeni tikilmiş binaların birinci mərtəbəsinin əsasən ticarət və iaşə obyektlərindən ibarət olduğunu göstərib.
- 15-24 mərtəbəli binaların 88%-nin, 10-14 mərtəbəli binaların 63%-nin birinci mərtəbəsində ticarət və iaşə obyektləri mövcuddur. Doqquz mərtəbəli və beş mərtəbəli binalarda yaşayan iştirakçıların isə 70-73%-i yaşadıqları binanın ilk mərtəbəsində bu kimi obyektlərin mövcud olmadığını bildirib.
- İstismar müddəti 10 ilə qədər olan binaların 39%-nin, 10 ildən 30 ilə qədər olanların 46%-nin və 30 ildən çox olanların 10-11%-nin birinci mərtəbəsi tamamilə ticarət və iaşə obyektlərindən ibarətdir.
- Nəticələri binanın istismar müddətindən və mərtəbə sayından asılı olmayaraq ümumi nəzərdən keçirdikdə məlum olur ki, sözügedən üç şəhərdə binaların 37%-nin birinci (giriş) mərtəbəsi ticarət və iaşə obyektlərindən ibarətdir. İştirakçıların 20%-i binanın birinci mərtəbəsinin tamamilə, 17%-i müəyyən qədər obyektlərdən ibarət olduğunu qeyd edir. 63%-i binanın giriş mərtəbəsində ticarət və iaşə obyektlərinin olmadığını bildirir.
- Bakı şəhərində məskunlaşanların 41%-i, Sumqayıt şəhəri üzrə 24%-i, Gəncə şəhəri üzrə 22%-i yaşadığı binanın birinci mərtəbəsinin ticarət və iaşə obyektlərindən ibarət olduğunu qeyd edir.
Sorğu iştirakçıları arasında son 30 il ərzində tikilən binalarda yaşayanların 67%-i, 30 ildən daha uzun müddətdir inşa edilmiş binalarda yaşayanların isə 83%-i yaşadığı binanın tikinti norma və qaydalarına uyğun inşa edildiyi mövqeyindədir.
- Sorğu nəticələri yeni inşa edilmiş yaşayış binalarının etibarlılığının, təhlükəsizliyinin ictimai rəydə köhnə binalarla müqayisədə aşağı olduğunu deməyə əsas verir. Binaların istifadə müddətinin artmasına paralel olaraq, respondentlərin yaşadıqları binanın etibarlılığı və təhlükəsizliyi barədə mövqeyinin də artdığı müşahidə olunur.
- Son 10 il ərzində tikilən binalarda yaşayan iştirakçıların cəmi 29%-i binanın tikinti norma və qaydalarına uyğun tikildiyini və etibarlı olduğunu bildirib. Analoji mövqe yaşı 30 ildən yuxarı olan binalar üzrə 54%-ə bərabərdir.
- Həmçinin son 10 il ərzində tikilən binalarda məskunlaşanların 36%-i binanın tikinti norma və qaydalarına uyğun tikilməsinə baxmayaraq, etibarlılığından əmin olmadığını ifadə edib. İştirakçıların 21%-i yaşadığı binanın tikinti normalarına uyğun tikilmədiyini və etibarlı olmadığı mövqeyini bölüşüb.
- Respondentlərin rəylərindən də göründüyü kimi, beş və doqquz mərtəbəli binaların əksəriyyəti 30 ildən daha artıq müddətdir istifadə olunur. On və daha yüksək mərtəbəli binaların isə 84%-i son 30 il ərzində inşa olunub. Başqa sözlə, ictimai rəydə binaların yaşı və davamiyyəti arasındakı əlaqə, mərtəbə sayı və davamiyyəti üçün də keçərlidir.
- Beş və doqquz mərtəbəli binalarda yaşayanların 52%-i binanın tikinti norma və qaydalarına uyğun tikildiyini və etibarlı olduğunu düşünərkən, on və daha yüksək mərtəbəli binalarda yaşayanlar arasında bu mövqedə olanlar 33%-ə bərabərdir.
Sorğuda iştirak edənlərin cəmi 11%-i yaşadığı binanın zəlzələ ehtimalına qarşı möhkəmliyinin yoxlanıldığını və dözümlülüyünün təsdiq edildiyini bildirib. 28%-i ümumiyyətlə yoxlanılmadığını, 61%-i bu barədə məlumatsız olduğunu ifadə edib.
- 15-24 mərtəbəli binalarda məskunlaşan iştirakçıların 19%-i, 10-14 mərtəbəli binalarda məskunlaşanların 12%-i yaşadığı binanın zəlzələ riskinə qarşı yoxlanıldığını qeyd edib. On və daha yüksək mərtəbəli binalarda yaşayanların ümumilikdə 11%-i yoxlanılmadığını, 73%-i bu barədə məlumatsız olduğunu bildirib.
- Beş və doqquz mərtəbəli binalarda yaşayanların cəmi 9%-i yaşadığı binanın zəlzələ riskinə qarşı yoxlanıldığını qeyd edib. Onların 31%-i ümumiyyətlə yoxlanılmadığını, 60%-i bu barədə məlumatı olmadığını bildirib.
Sorğuda iştirak edənlərin ümumilikdə 70%-i (25%-i tam inanır, 45%-i əsasən inanır) yaşadığı binanın mümkün zəlzələ hadisəsinə qarşı dözümlü olduğuna inanır. Həmçinin hər dörd nəfərdən biri (26%) dözümlülüyünə inanmadığını bildirir, 4%-i cavab verməkdə çətinlik çəkir.
- Bakı şəhəri üzrə iştirakçıların 73%-i, Sumqayıt şəhəri üzrə 69%-i, Gəncə şəhəri üzrə 53%-i yaşadığı binanın zəlzələyə qarşı dözümlü olduğuna inanır.
- Maraqlı məqam kimi, iştirakçıların 48%-i yaşadığı binanın tikinti norma və qaydalarına uyğunluq baxımından etibarlı olduğunu bildirdiyi halda, cəmi 25%-i binanın zəlzələyə qarşı dözümlü olduğuna tam inanır.
- Son 30 il ərzində tikilən binalarda məskunlaşanların 34%-i, istismar müddəti 30 ildən çox olan binalarda yaşayanların isə 25%-i yaşadığı binanın zəlzələyə qarşı dözümlü olduğuna inanmır. Başqa sözlə, köhnə binaların tikinti norma və qaydalarına uyğunluğu, etibarlılığı barədə rəylərə baxmayaraq, zəlzələ riskinə qarşı dözümlülüyünə inamın müqayisə etibarilə az olmasında digər faktorlar kimi binanın yaşı amili də əhəmiyyətli rol oynayır.
- Beş və doqquz mərtəbəli binalarda yaşayanların ümumilikdə 73%-i, on və daha yüksək mərtəbəli binalarda yaşayanların isə 64%-i binanın zəlzələ hadisəsinə qarşı dözümlü olduğuna inanır.
Yaşadığı binanın zəlzələyə qarşı dözümlü olduğuna inanmayan sakinlər bu mövqeyini müxtəlif amillərlə əsaslandırıb. Belə ki, onlara bu məqsədlə ünvanlanmış suala bir neçə cavab variantı qeyd etmək imkanı verilib.
- Nəticələri binaların istismar müddəti üzrə nəzərdən keçirdikdə, yeni binalarda yaşayanların yarısı (50%-i) inamsızlığını istifadə edilən tikinti materialların keyfiyyətinin aşağı olması, 27%-i binanın bünövrə və konstruksiyasının möhkəm olmaması, 27%-i qonşu tikililərin yaxın olması amilləri ilə izah edib. İştirakçıların 23%-i öz mövqeyini dövlət nəzarətinin yetərli olmaması, 17%-i tikinti aparan şəxslərin/şirkətlərin peşəkar olmaması və digər faktorlar ilə əsaslandırıb.
- Köhnə binalarda yaşayanların isə əsas hissəsi (54%-i) binanın zəlzələ riskinə qarşı zəifliyini binanın yaşı ilə əlaqələndirib. İştirakçıların 23%-i binanın bünövrə və konstruksiyasının möhkəm olmadığını ifadə edib, mövqeyini binanın zirzəmisinə axıdılan çirkab suları ilə əsaslandırıb. Materialların keyfiyyətinin aşağı olması cavabı köhnə binalarda yaşayanların 14%-i, qonşu tikililərin yaxın olması cavabı isə cəmi 9%-i tərəfindən qeyd olunub.
- Beş və doqquz mərtəbəli binalarda yaşayanların 48%-i zəlzələ hadisəsinə qarşı əsas risk amili kimi binanın yaşını irəli sürüblər. Onların 27%-i binanın bünövrə və konstruksiyasının möhkəm olmadığını bildirib. On və daha yüksək mərtəbəli binalarda yaşayanların 50%-i öz mövqeyini istifadə olunan tikinti materiallarının keyfiyyətinin aşağı olması, 46%-i qonşu tikililərin yaxın olması, 18%-i dövlət nəzarətinin yetərli olmaması ilə izah edib. Həmçinin onların 18%-i bu çərçivədə digər cavabları qeyd edib ki, bu cavablar arasında binanın birinci mərtəbəsinin ticarət və iaşə obyektlərindən ibarət olması üstünlük təşkil edir.
Yaşadığı binanın zəlzələyə qarşı dözümlü olduğuna inanmayan sakinlərin 13%-i daha etibarlı bir evə köçməyi planlaşdırdığını bildirib. Onların 46%-i yalnız dövlət yardımı olarsa daha etibarlı bir evə köçə biləcəyini ifadə edib, 39%-i ümumiyyətlə köçməyi planlaşdırmadığını bildirib.
- Köçməyi planlaşdıranların nisbəti yeni və köhnə binalar üzrə bərabər olmasına baxmayaraq (hər biri üzrə 13%), bunun dövlət yardımı halında mümkün olacağını ifadə edənlər üzrə fərqlər qeydə alınır. Belə ki, yeni binalarda yaşayanların 31%-i, köhnə binalarda məskunlaşanların isə 52%-i yalnız dövlət yardımı halında köçə biləcəyini ifadə edib. Həmçinin yeni binalarda yaşayan iştirakçıların yarısı (50%-i), köhnə binalarda yaşayanların 36%-i ümumiyyətlə köçməyi planlaşdırmır.
II. İctimai davranış və mühakimənin qiymətləndirilməsi
Təqribən hər üç nəfərdən biri (30%-i) yaşadığı şəhərdə yaxın gələcəkdə zəlzələ baş verəcəyini ehtimal edir. İştirakçıların 49%-i yaxın gələcəkdə zəlzələ hadisəsi olacağını gözləmir, 21%-i bu barədə heç bir ehtimala malik deyil.
- Bu istiqamətdə ictimai rəyi formalaşdıran faktorlar sırasında Türkiyədə baş verən zəlzələnin sosial-psixoloji təsirləri və uzun müddətdir hər üç şəhərdə əhəmiyyətli hiss edilən zəlzələ hadisəsinin baş verməməsi amili istisna edilmir. Belə ki, ehtimal edənlərin 83%-i Türkiyədə baş verən zəlzələ hadisəsindən irəli gələn narahatlıqlarının olduğunu və qorxularının yarandığını bildirib.
- Sorğu nəticələri on və daha yüksək mərtəbəli binalarda yaşayanların zəlzələ ehtimalının (36-38%) beş və doqquz mərtəbəli binalarda yaşayanlarla müqayisədə (28-29%) yüksək olduğunu göstərir.
- Gəncə şəhəri üzrə iştirakçıların zəlzələ ehtimalı digər şəhərlərlə müqayisədə yüksəkdir. Belə ki, Gəncə şəhəri üzrə iştirakçıların 44%-i, Bakı və Sumqayıt üzrə isə 28-29%-i yaxın gələcək üçün belə bir ehtimal içərisində olduğunu bildirib.
- Ali təhsilə malik olanların zəlzələ ilə bağlı ehtimalı digər qruplarla müqayisədə daha yüksəkdir. İştirakçılar arasında orta təhsilə malik olanların 18%-i, ali təhsillilərin isə 37%-i yaxın gələcək üçün belə bir ehtimalı olduğunu bildirib.
İnsanların əksəriyyəti ölkədə mümkün zəlzələ riskinə qarşı qabaqlayıcı tədbirlərin görülmədiyi mövqeyindədir. Belə ki, sorğuda iştirak edənlərin 6%-i bu sahədə qabaqlayıcı tədbirlərin tamamilə görüldüyünü, 23%-i əsasən görüldüyünü qeyd edib. İştirakçıların 12%-i əsasən görülmədiyini, 41%-i heç görülmədiyini ifadə edib. Onların 18%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
- Qabaqlayıcı tədbirlərin görüldüyü mövqeyi Bakı və Sumqayıt şəhərlərinə aid iştirakçılar üzrə ümumilikdə 30-33%, Gəncə şəhəri üzrə 18%-ə bərabərdir.
- Respondentlərin bu mövqeyində onların yaş qruplarına görə dəyişən tendensiya müşahidə olunur. Aşağı yaş qruplarından orta və yuxarı yaş qruplarına doğru ölkədə zəruri qabaqlayıcı tədbirlərin görülmədiyi mövqeyində olan şəxslərin sayı artır.
Zəlzələ və bənzər fövqəladə hallar zamanı insanların zəruri davranış qaydaları haqqında məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə onlara sual ünvanlanıb. Nəticələrə əsasən, iştirakçıların 72%-i zəruri davranış qaydalarını bildiyini, 27%-i bilmədiyini qeyd edib. İştirakçıların 1%-i cavab verməkdə çətinlik çəkib.
- Gender aspektindən nəzərdən keçirdikdə, kişilərin 79%-i, qadınların 65%-i zəruri davranış qaydalarını bildiyini qeyd edib.
- Ali təhsilə malik olanların 80%-i, orta təhsillilərin isə 61%-i fövqəladə hallar zamanı zəruri davranış qaydaları barədə məlumatlıdır.
- Aşağı yaş qrupundan orta və yuxarı yaş qruplarına doğru bu barədə məlumatlılıq səviyyəsi nisbətən azalır. Belə ki, 18-24 yaş qrupunda olanların 88%-i, 35-44 yaş qrupunda olanların 78%-i və yaşı 65-dən yuxarı olanların 67%-i zəruri davranış qaydaları haqqında məlumatlı olduğunu bildirib.
- Fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumatlı olanların cəmi 18%-i yaşadığı mənzilin təbii fəlakətlərə qarşı sığortası mövcud olduğunu bildirib.
Sorğuda iştirak edənlərin mümkün zəlzələ halında davranışları öyrənilib. Onların 52%-i zəlzələ olarsa mənzil daxilində təhlükəsiz bir yerə sığınacağını, 33%-i mənzili dərhal tərk etməyə çalışacağını bildirib. 9%-i bu halda nə edəcəyini bilmədiyini, 5%-i yalnız zəlzələnin keçməsini gözləyəcəyini ifadə edib.
- Fövqəladə hallar zamanı zəruri davranış qaydalarını bildiyini ifadə edənlərin əsas hissəsi (59%-i) mümkün zəlzələ halında mənzildə daha təhlükəsiz bir yerə sığınmağa çalışacağını ifadə edib. Onların 31%-i isə mənzildən dərhal çıxmağa çalışacağını bildirib.
- 15-24 mərtəbəli binalarda yaşayan hər beş iştirakçıdan biri (21%-i) zəlzələ halında binanı dərhal tərk etməyə çalışacağını, 60%-i təhlükəsiz bir yerə sığınacağını bildirib.
- Beş mərtəbəli binalarda məskunlaşanların 45%-i mənzildə təhlükəsiz yerə sığınacağını, 41%-i binanı dərhal tərk edəcəyini ifadə edib.
İştirakçılar arasında hər üç nəfərdən biri (33%-i) fövqəladə hallara qarşı hazır tibbi yardım çantasına sahib olduğunu bildirib. Onların 67%-i tibbi yardım çantasının mövcud olmadığını qeyd edib.
- Fövqəladə hallara qarşı zəruri davranış qaydalarını bildiyini ifadə edənlərin cəmi 38%-i bu kimi fəlakətlərə qarşı hazır tibbi yardım çantasına malikdir.
İştirakçıların 17%-i yaşadığı mənzilin zəlzələ və digər təbii fəlakətlərə qarşı sığortasının mövcud olduğunu bildirib. 57%-i sığortanın mövcud olmadığını bildirib, 26%-i bu barədə məlumatsız olduğunu qeyd edib.
- Nəticələrin təhlili sığortanın mövcudluğunun iştirakçılarının gəlir səviyyəsinə görə dəyişdiyini göstərir. Orta aylıq gəliri minimum əmək haqqına bərabər olanların 13%-i, 600-900 manat intervalında olanların 16%-i və 1200 manatdan yüksək olanların 22%-i yaşadığı mənzilin təbii fəlakətlərə qarşı sığortası olduğunu bildirib.
- Bakı şəhəri üzrə sorğuda iştirak edənlərin 18%-i, Sumqayıt şəhəri üzrə 11%-i və Gəncə şəhəri üzrə 13%-i mənzilinin sığortası olduğunu qeyd edib.
Sorğu çərçivəsində iştirakçıların yeni və köhnə binaların zəlzələyə qarşı dayanıqlılığını qiymətləndirmələri istənilib. Nəticələr arasında bir-birinə əks hesab oluna biləcək göstəricilər əldə edilib. Belə ki, iştirakçıların cəmi 18%-i yeni tikilən binaları zəlzələyə qarşı dayanıqlı hesab edir, 70%-i dayanıqlı olmadığını düşünür. 12%-i bu barədə fikir bildirməkdə çətinlik çəkir. Köhnə binalara gəlincə, sorğuda iştirak edənlərin 81%-i sovet dövründə tikilmiş binaları zəlzələyə qarşı dayanıqlı hesab edir. Cəmi 15%-i dayanıqlı olmadığını düşünür, 4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkir.
- Son 30 il ərzində tikilmiş binalarda məskunlaşanların 29%-i, 30 ildən daha çox müddətdir istismar olunan binalarda yaşayanların isə 15%-i yeni binaları zəlzələyə qarşı dayanıqlı hesab edir. Həmçinin yeni binalarda yaşayanların 75%-i, köhnə binalarda məskunlaşanların 85%-i sovet dövründə tikilmiş binaları zəlzələyə dayanıqlı hesab edir.
- Nəticələri iştirakçıların təhsil səviyyəsi üzrə nəzərdən keçirdikdə, ali təhsilə malik olanların cəmi 18%-i, orta təhsilə malik olanların isə 23%-i yeni binaları zəlzələyə qarşı dayanıqlı hesab edir. Köhnə binalara münasibətdə onların təhsil səviyyələrinə görə əhəmiyyətli fərq olmamaqla, 79-81%-i köhnə binaların zəlzələyə dayanıqlı olduğunu düşünür.
- Beş mərtəbəli binalarda yaşayanların cəmi 13%-i, on və daha yüksək mərtəbəli binalarda məskunlaşanların isə 27%-i yeni binaları zəlzələyə qarşı dayanıqlı hesab edir. Yüksək mərtəbəli binalarda yaşayanların 72%-i isə sovet dövründə tikilmiş binaların zəlzələyə dayanıqlı olduğu mövqeyindədir.
Rəy sorğusunda iştirak edənlərin 47%-i zəlzələ və təbii fəlakətlərin ilahi təqdir olduğunu düşünür və ondan qorunmağın mümkün olmadığını hesab edir. 50%-i zəlzələni təbii hadisə kimi qəbul edir və qabaqlayıcı tədbirlər görərək nəticələrindən qorunmağın mümkün olduğunu düşünür.
- Orta təhsilə malik olanların 37%-i, ali təhsillilərin isə 60%-i zəlzələnin təbii hadisə olduğu mövqeyindədir. Ali təhsillilərin 38%-i, orta təhsilə malik olanların isə 60%-i zəlzələ və təbii fəlakətləri ilahi təqdir prizmasından dəyərləndirməklə ondan qorunmağın mümkün olmadığını hesab edir.
- Maraqlı məqam kimi, on və daha yüksək mərtəbəli binalarda yaşayanların 29%-i zəlzələ hadisəsini ilahi təqdir prizmasından izah edərkən, beş və doqquz mərtəbəli binalar üzrə analoji göstərici 52%-ə bərabərdir. Başqa sözlə, aşağı mərtəbəli binalarda məskunlaşanlarla müqayisədə (45%) yuxarı mərtəbəli binalarda yaşayanlar zəlzələnin nəticələrindən qabaqlayıcı tədbirlər görərək qorunmağın mümkün olduğu mövqeyini daha çox (69%) bölüşür.
- Zəlzələyə ilahi təqdir prizmasından baxanların 63%-i, onu təbii hadisəsi kimi qiymətləndirənlərin isə 80%-i bu kimi fövqəladə hallar zamanı zəruri davranış qaydalarını bilir.