D.TRAMP AĞ EVDƏ E.MAKRONU QƏBUL EDİB
ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emanuel Makronu Ağ Evdə qəbul edib.
AzadMedia.az xəbər verir ki, Makron D.Trampın start verdiyi danışıqlar prosesindən Kiyevlə birgə kənarda qalan Avropanın bu məsələlərə yanaşmasını dilə gətirmək üçün ABŞ-yə yollanıb. Keçirilən görüşdə əsas müzakirə mövzusu artıq 4-cü ilinə qədəm qoyulan Rusiya-Ukrayna müharibəsi olub.
Fransa prezidenti bildirib ki, sözügedən sülh Ukraynanın təslim olması demək deyil və əldə olunacaq razılaşmada Ukraynanın məğlub tərəf kimi qələmə verilməsi qəbuledilməzdir.
Tramp ABŞ-nin öz payına düşəndən daha böyük işləri öhdəsinə götürdüyün və bunun doğru olmadığını qeyd edib.
O, Makronun diqqətinə çatdırıb ki, sülhün təmin edilməsinin dəyəri və yükü təkcə ABŞ deyil, Avropa xalqları tərəfindən də ödənilməlidir, lakin onların əksəriyyəti bundan boyun qaçırır və ya lazımi dəstək göstərməkdən acizdirlər.
Tramp, Amerikanın son illər ərzində Ukraynaya astronomik miqdarda vəsait ayırdığını və bundan sonra bunun baş verməyəəyini dilə gətirib. O, həmçinin Kiyevlə humanitar yardımların qarşılığlnda nəzərdə tutulan mineral ehtiyatlara dair saziş üzərində işlədiklərini qeyd edib.
Bundan başqa, Tramp, Avropa qoşunlarının Ukraynaya sülhməramlı kimi göndərilməsində problem görmədiyini deyib.
Makron təkid edib ki, Avropa ölkələri Kiyevə kömək etməkdə öz öhdəliklərindən yayınmayıb.
O, həmçinin Ukrayna məsələsi üzrə Rusiya prezidenti Vladimir Putinlə dialoqun bərpası ideyasını dəstəklədiyini qeyd edib və bunu Trampın böyük nailiyyəti adlandırıb.
Makronun sözlərinə görə, bu gedişlə müharibə yaxın bir neçə həftədə dayana, atəşkəs əldə oluna bilər, bunun üçün əsas şərt 3 il ərzində müharibədən təsirlənən və hər hansı formada onunla bağlı danışıqlarda iştirak edən tərəflərin tələblərini nəzərə almaqdır.
İki lider arasında keçirilən görüş gözlənildiyinin əksinə mülayim və sakit keçib.
Hər iki prezident də görüşdən sonra keçirilən mətbuat konfransında bir-birlərinə xoş sözlər ünvanlayıblar.
Makron Tramp administrasiyasının Fransa ilə yaxın əlaqədə olduğunu deyib. Tramp isə Ukrayna müharibəsinə son qoymaq üçün başladılan ABŞ-Rusiya danışıqlarına Fransanın yanaşmasını bəyəndiyini bildirib və ona təşəkkür edib.
Hər iki tərəf açıq şəkildə ifadə edib ki, onlar istənilə atəşkəs yox, sağlam, etibarlı və davamlı atəşkəs üzərində çalışırlar.
Mətbuat konfransının sonunda Tramp Makronla "biz bunu bacaracağıq" deyərək sağollaşıb.
Bu arada, Kiyevdə keçirilən qərb liderlərinin sammitində çıxış edən Zelenski müharibəni bu il ərzində bitirməyə ümid etdiklərini deyib.
O, mineral ehtiyatlarla bağlı saziş barədə ABŞ ilə aparılan danışıqların da uğurlu şəkildə davam etdiyini deyib.