HARVARD D.TRAMPIN QƏRARINI MƏHKƏMƏYƏ VERİB
ABŞ-ın nüfuzlu Harvard Universiteti keçmiş prezident Donald Trampın administrasiyasına qarşı federal məhkəməyə müraciət edib. Universitet, Tramp dövründə dondurulan 2,2 milyard dollarlıq federal maliyyənin bərpasını və hökumətin konstitusiyaya zidd tələblərindən imtina edilməsini tələb edir.
Massaçusets ştatında açılmış iddiada bildirilir ki, Tramp administrasiyası Harvardı ifadə azadlığı və akademik müstəqilliyini qoruduğuna görə cəzalandırmağa çalışıb. Universitetin iddiasına görə, ona təqdim olunan kompromis aydındır: ya hökumətə təhsil prosesinə nəzarət etməyə imkan ver, ya da mühüm elmi və tibbi araşdırmalar üçün vacib olan maliyyəni itir.
Universitetin prezidenti Alan M. Garber deyib ki, bu addım uşaq xərçəngi, Altsheymer və Parkinson xəstəlikləri üzrə həyati tədqiqatların gələcəyini sual altına salır. Onun sözlərinə görə, federal hökumət son həftələrdə Harvard və digər universitetlərlə tərəfdaşlıqlara qarşı genişmiqyaslı hücuma keçib.
Tramp administrasiyasının tələbləri arasında universitetin dərs proqramına, işə qəbul və qəbul siyasətinə dair məlumatların hökumət tərəfindən təsdiqlənmiş auditlərə təqdim olunması da yer alıb. Harvard bu tələbləri sərt şəkildə rədd edərək bildirib ki, heç bir özəl ali məktəb federal hökumətin nəzarətinə təslim ola bilməz.
Ağ Ev isə universiteti ittiham edərək bildirib ki, Harvard kimi qurumlar vergilər hesabına şişirdilmiş maaşlı məmurlarını zənginləşdirir və artıq bu “asanca gəlir dövrü” başa çatır. Ağ Evin sözçüsü qeyd edib: “Dövlət vəsaiti hüquq deyil, imtiyazdır – və Harvard bu imtiyaza layiq deyil.”
Tramp administrasiyası, həmçinin universitetin beynəlxalq tələbə qəbulunu da hədəfə alıb. Harvard rəhbərliyi isə antisemitizm və islamofobiya ilə bağlı kampusda problemlərin olduğunu etiraf edərək, bu mövzularda yaradılmış iki xüsusi işçi qrupunun hesabatlarını yaxın günlərdə ictimaiyyətə açıqlayacağını bildirib.
“The New York Times” yazır ki, iddiada cavabdeh qismində ABŞ-ın təhsil, ədliyyə və səhiyyə nazirliklərinin yüksək vəzifəli nümayəndələri göstərilib.
Qeyd edək ki, Tramp administrasiyası yalnız Harvardı deyil, digər nüfuzlu universitetləri də hədəfə alıb. Cornell Universitetinin 1 milyard, Brown Universitetinin isə 510 milyon dollarlıq federal maliyyəsi dayandırılıb. Columbia Universiteti isə bəzi hökumət tələblərini qəbul etməyə məcbur qalıb.
Mövzuya münasibət bildirən sabiq ABŞ prezidenti və Harvard məzunu Barack Obama, universitetin bu mübarizədə haqlı olduğunu bəyan edib.