V.Zelenski V.Putinlə görüşməyə hazırdır
Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə İstanbulda şəxsən görüşməyə hazır olduğunu bildirib.
Zelenski Trampın birbaşa dialoq çağırışlarına cavabında belə deyib.
“Qətliamın müddətini uzatmaqda heç bir məna yoxdur” – deyə Zelenski vurğulayıb.
Zelenski daha əvvəl də birbaşa danışıqlara hazır olduğunu bəyan edib, lakin o, bunun üçün Rusiya ilə 30 günlük atəşkəs tələb edir.
Putin Zelenskinin atəşkəs tələbinə münasibət bildirməyib. Lakin qeyd edib ki, İstanbul görüşü iki ölkə arasında uzunmüddətli sülhə nail olmaq üçün ilk addım ola bilər.
Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da danışıqlara vasitəçilik etməyə hazır olduğunu açıqlayıb.
O, rusiyalı həmkarı Vladimir Putinlə məsələni müzakirə edib.
Ərdoğan Putinin sülh çağırışını və bu istiqamətdə atılacaq addımlarla bağlı bəyanatını alqışladığını deyib.
“Sülh üçün fürsət pəncərəsi açılıb və hərtərəfli atəşkəs sülh danışıqları üçün lazımi şərait yaradacaq” – deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Kiyev və tərəfdarları Rusiyaya xəbərdarlıq ediblər. Xəbərdarlıqda deyilir: Əgər Putin 30 günlük atəşkəsə razılaşmasa, Rusiya enerji və bank sektorlarına qarşı “yeni və kütləvi sanksiyalar” tətbiq olunacaq.
Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın da bu təklifi dəstəklədiyini və atəşkəsin “mütləq yerinə yetirilməli olan tələb” olduğunu söylədiyini qeyd edib.
Moskva bundan əvvəl dəfələrlə bildirib ki, atəşkəs barədə düşünmək üçün ilk növbədə Qərb Ukraynaya hərbi yardımını dayandırmalıdır.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında 3 ildən artıqdır ki, müharibə gedir.
Müharibə ərzində Ukrayna ərazilərinin, təxminən, 20 faizini itirib.