ABŞ-Çin qarşılıqlı güzəştlərə gedib
Dünyanın iki iqtisadi nəhəngi – ABŞ və Çin arasında ticarət gərginliyinin azaldılması istiqamətində mühüm addım atılıb. Prezident Donald Trampın İsveçrədə baş tutan danışıqlardan sonra ticarət şərtlərinin “tamamilə sıfırlandığını” elan etməsi bazarlarda əhəmiyyətli canlanmaya səbəb olub. ABŞ tərəfi Çin mallarına tətbiq etdiyi tarifləri 145%-dən 30%-ə endirib, Çin isə cavab olaraq ABŞ məhsullarına olan 125%-lik tarifləri 10%-ə salıb.
Bu müvəqqəti güzəştlər yalnız 90 gün qüvvədə olacaq – əgər danışıqlarda irəliləyiş olmazsa, tariflər yenidən arta bilər. Prezident Tramp bildirib ki, bu addımın məqsədi Çin iqtisadiyyatına zərbə vurmaq deyil, əksinə, qarşılıqlı əməkdaşlıq üçün yol açmaqdır. “Onlar zavodları bağlayırdılar, narazılıqlar artırdı və bizimlə razılaşmaya gəlməkdən çox məmnun oldular,” – deyə Tramp qeyd edib.
Maliyyə bazarları isə bu xəbəri böyük optimizmlə qarşıladı. S&P 500 indeksi 3.2%, Nasdaq isə 4.3% yüksəldi. Amazon, Apple, Meta, Nvidia kimi texnologiya nəhəngləri, eləcə də Target, Nike və Home Depot kimi pərakəndə satış şirkətləri hissə qiymətlərində ciddi artım yaşadı. Gəmidaşıma şirkətləri – Danimarkanın Maersk və Almaniyanın Hapag-Lloyd – müvafiq olaraq 12% və 14% yüksəldi.
Ekspertlər bu razılaşmanı "sakitləşdirici pauza" adlandırır. Çin Ticarət Nazirliyi bu razılaşmanın "fərqlilikləri aradan qaldırmaq və əməkdaşlığı dərinləşdirmək" üçün əhəmiyyətli addım olduğunu bildirib. Lakin biznes dairələri ehtiyatlıdır: “Bu, son deyil – sadəcə fırtına öncəsi səssizlik ola bilər,” – deyə Çinli ixracatçı Tat Kei BBC-yə açıqlamasında qeyd edib.
Bu razılaşma həm də ABŞ-lı pərakəndəçilər üçün qış mövsümünə hazırlıq ərəfəsində müəyyən rahatlıq gətirib. Milli Pərakəndə Ticarət Federasiyası razılaşmanı “konstruktiv və vaxtında” adlandıraraq daha uzunmüddətli sabitliyə ümid etdiklərini bildirib.
Ticarət müharibəsinin təsiri ilə yüksələn qızılın qiyməti isə bu xəbər fonunda 3.1% ucuzlaşaraq 3,223.57 dollar/unsiya səviyyəsinə düşüb – bu da risklərin azaldığına bazarların verdiyi reaksiya kimi qiymətləndirilir.
İndi bütün dünyanın gözü, Tramp və Çin prezidenti Si Tszinpin arasında gözlənilən görüşə çevrilib. Bu görüş, müvəqqəti razılaşmanın davamlı iqtisadi sabitliyə çevrilib-çevrilməyəcəyini müəyyən edə bilər.