Liviyada gərginlik davam edir
Liviyanın paytaxtı Tripolidə təhlükəsizlik vəziyyəti pisləşməkdə davam edir. Dəstək və Sabitləşdirmə İdarəsinin rəhbəri Əbdülqani əl-Kiklinin öldürülməsi ilə bağlı yayılan xəbərlər fonunda şəhərdə fasilələrlə atəş səsləri eşidilir.
Qətərin "Əl-Cəzirə" telekanalına danışan Liviya Təcili Tibbi Yardım Mərkəzinin nümayəndəsi Malik Marsit, münaqişə bölgələrinə yaxın yaşayan sakinlərə evdə qalmağı və ehtiyatlı davranmağı tövsiyə edib. Oxşar çağırışla Liviya Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi də çıxış edərək vətəndaşlardan təhlükəsizlikləri naminə evlərini tərk etməmələrini istəyib.
Tripolidə baş verən toqquşmalar nəticəsində azı altı nəfər yaralanıb. Yaralıların mülki şəxs və ya təhlükəsizlik qüvvələrinin əməkdaşları olub-olmadığı hələlik məlum deyil. Gərgin vəziyyət səbəbindən Tripolinin əsas hava nəqliyyat qovşaqlarından biri olan Mitiqa hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.