İsrail Qəzza xəstəxanasını hədəfə alıb
İsrailin Qəzza zolağında yerləşən Xan Yunis şəhərindəki Avropa Xəstəxanasına endirdiyi hava zərbəsində azı 28 nəfər həyatını itirib, onlarla insan yaralanıb. Hadisə barədə HƏMAS-ın idarə etdiyi mülki müdafiə idarəsi məlumat yayıb.
Yerli mənbələrin bildirdiyinə görə, İsrail hərbi təyyarələri xəstəxananın iç həyəti və ətrafına eyni anda altı bomba atıb. Nəticədə ərazidə böyük dağıntılar yaranıb, bir neçə avtomobil, o cümlədən böyük bir avtobus qalıqlar altında qalıb.
İsrail Ordusu isə bu zərbəni “dəqiq əməliyyat” adlandıraraq, xəstəxananın altında yerləşən HƏMAS-ın “komanda və idarəetmə mərkəzi”ni hədəf aldıqlarını iddia edib.
Hadisə zamanı BBC-nin Qəzzada çalışan sərbəst jurnalistlərindən biri də yaralanıb. Onun vəziyyəti hazırda sabitdir.
Hadisə şahidləri bildirir ki, İsrail pilotsuz uçuş aparatları (dronlar) xəstəxananın üzərində daim nəzarət həyata keçirib və xilasetmə qruplarının əraziyə yaxınlaşmasını çətinləşdirib. Hətta, bir kvadrokopterin iki mülki müdafiə əməkdaşını yaraladığı deyilir.
Beynəlxalq humanitar təşkilatla Qəzzada çalışan britaniyalı plastik cərrah Dr Tom Potokar BBC-yə verdiyi açıqlamada “xəbərdarlıq edilmədən altı böyük partlayışın bir-birinin ardınca baş verdiyini” və xəstəxananın birbaşa hədəf alındığını bildirib: “Tamamilə vahimə içində idik”.
Yaralılar Xan Yunisdəki Nasser Xəstəxanasına köçürülüb. Lakin həmin xəstəxananın özü də bir neçə saat əvvəl hava zərbəsinə məruz qalıb. Zərbə nəticəsində tanınmış fələstinli fotojurnalist Həsən Aslih həlak olub.
Aslih apreldə eyni xəstəxanaya edilən başqa bir zərbədən sağ çıxmış və son bir ayı müalicə məqsədilə orada keçirirdi. İsrail onu 7 oktyabr HƏMAS hücumunda iştirakda ittiham etmişdi.
İsrail KİV-ləri hücumun əsas hədəfinin HƏMAS-ın keçmiş lideri Yəhya Sinvarın qardaşı – hazırda qrupun hərbi qanadına rəhbərlik edən Məhəmməd Sinvar olduğunu yazır. HƏMAS bu iddialarla bağlı hələlik açıqlama verməyib.
Eyni gündə, İslam Cihad qruplaşması da İsrailə raket atdığını təsdiqləyib. İsrail ordusu isə iki raketin ələ keçirildiyini bildirib.