ABŞ-nin keçmiş prezidenti xəstəliklə mübarizə aparır
ABŞ-ın keçmiş prezidenti Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub. Bu barədə onun şəxsi ofisi 18 may bazar günü rəsmi bəyanat yayıb. Bildirilir ki, xəstəlik artıq sümüklərə metastaz verib – bu da xəstəliyin ağır mərhələyə çatdığını göstərir. Baydenin prostat xərçəngi Gleason 9 ballıq (5-ci dərəcəli) sistemlə yüksək riskli və sürətlə yayılan növ kimi təsnif edilib.
Hazırda 82 yaşlı siyasətçi və ailəsi müalicə strategiyalarını həkimlərlə birlikdə dəyərləndirirlər. Qeyd olunur ki, xərçəng hormonlara həssasdır, bu da müalicənin mümkünlüyü baxımından müəyyən ümidlər verir. Amerikanın tanınmış onkoloqları bildirirlər ki, bu mərhələdə tam sağalma mümkün olmasa da, hormon terapiyaları və digər üsullarla xəstəlik illərlə idarə oluna bilər.
Baydenin bu ağır diaqnozu ictimaiyyətə açıqlandıqdan sonra həm Demokrat, həm də Respublikaçılardan dəstək mesajları gəlib. ABŞ-ın hazırkı prezidenti Donald Tramp, keçmiş vitse-prezident Kamala Harris və sabiq prezident Barak Obama onunla həmrəyliklərini ifadə ediblər. Obama bildirib ki, "heç kim xərçəng müalicəsində irəliləyiş əldə etmək üçün Co Baydendən artıq çalışmayıb".
Co Bayden 2024-cü il prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində idi, lakin sağlamlığı və yaşı ilə bağlı artan narahatlıqlar səbəbilə yarışdan geri çəkilmişdi. O, yerini Kamala Harrisə təhvil vermişdi.
Xatırladaq ki, Bayden 2015-ci ildə böyük oğlu Bo Baydeni beyin xərçəngindən itirmiş və bu hadisədən sonra xərçənglə mübarizəyə dair təşəbbüslərdə – o cümlədən “Cancer Moonshot” proqramında – fəal iştirak etmişdi.
Keçmiş prezidentin vəziyyəti ilə bağlı ictimaiyyətə növbəti açıqlamaların yaxın günlərdə verilməsi gözlənilir.