Aİ Rusiyaya qarşı təzyiqləri artıracaq
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Amerika Birləşmiş Ştatları rəhbərliyini Rusiya atəşkəsə razı olmayacağı təqdirdə vəziyyətlə əlaqədar tədbir görməyə çağırıb.
Kallas Avropanın özünün belə bir addım atmağa hazırlaşdığını bildirib.
Estoniyalı siyasətçi Ağ Ev lideri Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığına reaksiyasında belə deyib.
NATO-nun baş katibi Mark Rutte Tramp-Putin dialoqunu müsbət qiymətləndirdiyini ifadə edib.
“Yanvar ayına qədər rusiyalılarla heç bir müzakirə yox idi. Prezident Tramp Rusiya prezidenti ilə kommunikasiya xətlərini açdı. Bu, müsbət addımdır. Əlbəttə, tezliklə nəticələrin olmasına ümid edirik. Lakin real həyatda həmişə hər şey mümkün olmur. Çünki bu, çox mürəkkəb münaqişədir” – deyə Rutte vurğulayıb.
Tramp Putin və Zelenski ilə telefon danışığından sonra Moskva ilə Kiyevin atəşkəs və sülhə dair dərhal danışıqlara başlayacağını bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski memorandumun nədən ibarət olduğuna dair heç bir məlumat almadığını qeyd edib.
O bir daha xatırladıb ki, məsələ ilə bağlı istənilən qərar Ukraynanın iştirakı olmadan qəbul edilməməlidir, bu, Ukrayna üçün prinsip məsələsidir.
Qeyd edək ki, Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qarşı genişmiqyaslı yerüstü və havadan hərbi hərəkat başladıb, indiyə qədər Ukraynanın 20 faiz ərazilərinə nəzarəti ələ keçirib.