D.Tramp CAR-ı soyqırımda ittiham edib
Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskidən sonra Cənubi Afrika Respublikası prezidenti Siril Ramafosanı ictimaiyyətə açıq şəkildə tənqid edib.
Ağ Evdə dəyirmi kabinetdə yaşanan dialoq zamanı Tramp bu ölkə rəhbərliyini ağdərili fermerlərə qarşı soyqırım törətməkdə, onları təqib etməkdə günahlandırıb.
Tramp sözlərinə dəlil olaraq fotolar və videomateriallar göstərib, o, fermerlər qətlə yetirildikdən sonra onların torpaqlarının qanunsuz şəkildə mənimsənildiyini, onların buna görə cəzalandırılmadığını deyib.
Ramafosanın Vaşinqtona, əsasən, ticarət məqsədilə gəldiyi qeyd olunur.
Görüş Ramafosa üçün müsbət əhval-ruhiyyədə başlasa da, bir qədər sonra Tramp ittihamları ilə onu təəccübləndirməyə başlayıb.
Ramafosa soyuqqanlılığını qoruyaraq hökumətinin belə bir siyasət izləmədiyini, ölkəsində demokratik idarəetmə olduğunu izah etməyə çalışıb.
O bildirib ki, hər ölkədə olduğu kimi Cənubi Afrika Respublikasında da cinayətlər törədilir və bu, təkcə, ağdərililərə qarşı deyil, əksər hallarda qaradərililərə qarşıdır.
Tramp öldürülən qaradərililərin fermer olmadığını deyərək Ramafosanın arqumentini əsassız adlandırıb.
“Minlərlə insan bizim ölkəmizə gəlmək istəyir. Onlar ağdərili fermerlərdir. Onlar Cənubi Afrika Respublikasında öləcəklərini düşünürlər. Bu, pis haldır” – deyə Tramp vurğulayıb.
Ramafosa Nelson Mandeladan qalan təlim kimi onun afrikalılara əgər problem varsa, bu barədə oturub danışmaq lazımdır sözlərini sitat gətirərək Trampı sakit tərzdə danışığa dəvət edib.