Avstraliya İsraili sərt tənqid edib
İsrail rəhbərliyinin Fələstinin Qəzza Zolağındakı fəaliyyətini tənqid edən beynəlxalq bəyanatlara Avstraliya da qoşulub.
Avstraliyanın baş naziri Entoni Albaniz Qəzzaya humanitar yardımın bloklanmasını tamamilə qeyri-məqbul davranış adlandırıb.
“İsrailin bəhanələri tamamilə əsassızdır, etibarsızdır. İnsanlar acından ölür və demokratik bir ölkənin yardımı dayandırması kobud hərəkətdir” – deyə Albaniz vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya, Kanada və Fransa da oxşar bəyanat səsləndirib, İsraili atəşkəsə, Qəzzadakı yeni hərbi hərəkatı dayandırmağa çağırıb.
Bu bəyanatda deyilir ki, İsrail çağırışlara əməl etməsə, siyasi kursunu dəyişməsə ona qarşı konkret tədbirlər görüləcək.
İsrailin xarici işlər naziri Gideon Saar heç bir xarici qüvvənin ölkəsinə diktə edə bilməyəcəyini deyib.
İsrail rəhbərliyi Qəzzada təhlükəsizliyə nəzarəti tam ələ keçirəcəklərini bildirib.
Baş nazir Benyamin Netanyahu müharibəni dayandırmaları üçün HƏMAS-dan israilli girovları azad etməsini və tərksilah olmasını tələb edib.
HƏMAS hazırda 23 israillini girov saxlayır.
Qəzzaya endirilən sonuncu aviazərbələr 24 nəfərin ölümünə səbəb olub.
İsrail ilə HƏMAS arasında müharibənin fəal mərhələsi HƏMAS-ın 2 il əvvəl İsrailə hücum edərək 1200-ə yaxın şəxsi öldürməsindən sonra başlayıb.
Daha sonra İsrailin Qəzzanı indiyə kimi bombalaması nəticəsində 54 minə yaxın insan ölüb.