ABŞ DANIŞIQLARDAN GERİ ÇƏKİLİB
Qəzzada atəşkəsə nail olmaq məqsədilə aparılan danışıqlar növbəti dəfə nəticəsiz qalıb. ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkof HƏMAS-ın son cavabını əsas gətirərək danışıqları dayandırdıqlarını açıqlayıb. Vaşinqton danışıqlarda irəliləyiş olmadığını bildirərək, nümayəndə heyətini Qətərdən geri çağırıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, Vaşinqton danışıqlara səmimi yanaşıb, lakin HƏMAS nə koordinasiyalı şəkildə davranır, nə də xoşniyyət nümayiş etdirir. Onun sözlərinə görə, ABŞ girovların azad olunması və bölgədə sabitliyin təmin olunması üçün alternativ yolları dəyərləndirəcək.
İsrail tərəfi də HƏMAS-ın cavabından narazı qalaraq, öz danışıqlar qrupunu geri çağırıb. Tərəflər arasında razılaşdırılması gözlənilən plan 60 günlük atəşkəs, məhbus mübadiləsi və mərhələli humanitar yardımın artırılmasını nəzərdə tuturdu.
Ancaq əsas maneə tərəflərin qarşılıqlı tələb və şərtlərindədir. HƏMAS müharibənin tamamilə dayandırılmasını və İsrailin bölgədən çəkilməsini istəyir. İsrail isə HƏMAS-ın silahı yerə qoyması və idarəni təhvil verməsi şərtilə münaqişəyə son qoyacağını bildirir.
ABŞ rəsmiləri vəziyyəti "insani fəlakət" adlandıraraq, yardım səylərinin davam etdiyini vurğulayıblar. Onların fikrincə, HƏMAS girovları azad etməklə və silahı yerə qoymaqla münaqişəni bu gün bitirə bilər.