AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Misir–Efiopiya gərginliyi: Nil üzərindəki mübahisə regionu qarışdırır

  • + A
  • - A
  • Bu gün, 16:29

    Misir–Efiopiya gərginliyi: Nil üzərindəki mübahisə regionu qarışdırır


    Misir hakimiyyəti Nil çayı üzərində inşa edilmiş “Dirçəliş” su elektrik stansiyası ətrafında yaranmış mübahisə fonunda Efiopiyanı diplomatik şəkildə təcrid etməyə çalışır. Bu barədə The National qəzeti mənbələrə istinadən məlumat yayıb.
    Məlumata görə, Misir regionda təsir imkanlarını genişləndirərək bir neçə strateji addım atıb. Belə ki, ölkə Somali ərazisində 15 minə qədər sülhməramlı qüvvə yerləşdirib, həmçinin Eritreya və Cibutidə hərbi obyektlər üzərində nəzarəti gücləndirib. Bu ölkələr Efiopiyanın Qırmızı dənizə çıxışını məhdudlaşdıran əsas coğrafi nöqtələr hesab olunur.

    Efiopiya isə həmin ölkələrin limanlarına çıxış əldə etməyə çalışır. Qahirə, eyni zamanda, Addis-Abebanın tanınmamış Somalilanddə möhkəmlənməsinin qarşısını almağa çalışır. Bundan əlavə, Misir qonşu Sudanda vətəndaş müharibəsində hökumət qüvvələrini dəstəkləyib, həmçinin Keniya və Uqanda ilə hərbi əməkdaşlıq razılaşmaları imzalayıb.

    Mənbələrin sözlərinə görə, Misirin bu addımları təkcə Efiopiyanı təcrid etmək məqsədi daşımır. Eyni zamanda, İsrailin Qırmızı dənizin cənubunda möhkəmlənmək cəhdlərinin qarşısını almağa yönəlib. Bildirilir ki, İsrail 2025-ci ildə Somalilandın müstəqilliyini tanıyıb və mümkün silahlı qarşıdurma halında Efiopiyanı dəstəkləyə bilər.

    Rəsmi Qahirə isə Efiopiyanın daxili işlərinə müdaxilə ilə bağlı ittihamları rədd edir.

    Bundan əvvəl yayılan məlumatlarda qeyd olunurdu ki, Misir Efiopiyanın Qırmızı dənizə çıxış əldə etmək istəyini dəstəkləməyə hazırdır. Lakin bunun üçün Addis-Abebanın Nil sularının bölüşdürülməsi məsələsində daha “çevik” mövqe nümayiş etdirməsi tələb olunur. Əks halda, Misirin Sudan, Somali və Cibutidəki təsir imkanlarından, eləcə də Qırmızı dənizdəki hərbi-dəniz qüvvələrindən istifadə edərək Efiopiyanın limanlara çıxışını məhdudlaşdıra biləcəyi bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR