Səudiyyə Ərəbistanı “Şərq-Qərb” neft kəmərinin fəaliyyətini bərpa edəcək

Səudiyyə Ərəbistanında sentyabrın 10-da zədələnən “Şərq-Qərb” neft kəmərinin sınaqdan keçirilməsinə başlanılıb.
“Bloomberg” agentliyinin sentyabrın 22-də vəziyyətlə tanış mənbələrə istinadən yaydığı məlumata görə, sınaq işləri boru kəmərinin bu həftə fəaliyyətə qaytarılmasına hazırlıq məqsədilə həyata keçirilir.
Mənbənin sözlərinə görə, Ər-Riyad həmçinin Qırmızı dənizin sahilində yerləşən Yanbu limanından neft ixracını həftənin sonunadək bərpa etməyə ümid edir.
Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəmərinin fəaliyyəti sentyabrın 11-də dayandırılıb. Qərarın bir sıra hücumlardan sonra ehtiyat tədbirləri çərçivəsində qəbul edildiyi bildirilir.
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı bu kəmər vasitəsilə gündə təxminən 4 milyon barel nefti Qırmızı dənizdə yerləşən Yanbu limanına yönləndirirdi. Bu həcm qlobal neft tədarükünün təxminən 4 faizinə bərabərdir.
Kəmərin fəaliyyətinin bərpası Səudiyyə Ərəbistanının neft ixrac marşrutlarının normallaşdırılması baxımından əhəmiyyətli hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.