Sİ CİNPİN: ÇİN VƏ ABŞ RƏQİB DEYİL, TƏRƏFDAŞ OLMALIDIR

Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalıdır. Bunu Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ-a səfəri ilə bağlı yazılı bəyanatında bildirib.
Si Cinpin qeyd edib ki, Çin və ABŞ xalqlarının maraqları bir-biri ilə sıx bağlıdır. Onun sözlərinə görə, iki ölkə sabit münasibətləri təşviq etməli və yeni dövrdə qarşılıqlı anlaşmaya aparan düzgün yolu tapmalıdır.
Çin lideri vurğulayıb ki, Çinin milli dirçəlişi ilə bağlı siyasi konsepsiyası ilə ABŞ Prezidenti Donald Trampın Amerikanın əzəmətinin bərpası ideyası bir-birini tamamlaya və dünya üçün faydalı nəticələr verə bilər.
Si Cinpin Çin və ABŞ-ın əməkdaşlığa, ölçülü rəqabətə, fikir ayrılıqlarının idarə olunmasına və sülh öhdəliklərinə əsaslanan sabit münasibətlər istiqamətində birgə çalışmalı olduğunu bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp ABŞ-a səfər edən Si Cinpini qarşılayıblar. Çin liderinin təyyarəsi Merilend ştatındakı Endryus aviabazasına enib. Tramp Si Cinpini təyyarənin pilləkənləri qarşısında qarşılayıb və onunla qısa söhbət edib.
İki lider arasında danışıqların Vaşinqton vaxtı ilə cümə axşamı səhər saatlarında keçirilməsi gözlənilir. Si Cinpinin ABŞ səfəri cümə günü başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.