BU QIŞ HANSI ƏRZAQLAR BAHALAŞA BİLƏR? ARAŞDIRMA

İqlim dəyişiklikləri, anomal istilər və quraqlıq ərzaq bazarına da təsirsiz ötüşmür. Bu qış bir sıra gündəlik istifadə etdiyimiz məhsulların bahalaşması gözlənilir.
Elmi araşdırmalara istinad edən Phys.org yazır ki, şokolad, kartof, yarpaqlı tərəvəzlər, çörək və zeytun yağı qarşıdakı aylarda qiymət artımı ilə üzləşə bilər.
Mütəxəssislərə görə, ekstremal hava şəraiti məhsuldarlığı azaldır. Eyni zamanda yanacaq, gübrə və digər kənd təsərrüfatı resurslarının bahalaşması istehsal xərclərini artırır. Beynəlxalq münaqişələr də bu xərclərin yüksəlməsinə təsir edən amillər sırasında göstərilir.
Şokolad
Ən çox risk altında olan məhsullardan biri şokoladdır. Kakao ağacları hava şəraitinə olduqca həssasdır. Quraqlıq məhsuldarlığı azaldır, güclü yağışlar isə tozlanmaya mane olur və göbələk xəstəliklərinin yayılma riskini artırır. Kakao istehsalındakı problemlər artıq 2024-cü ildə qiymətlərin kəskin artmasına səbəb olmuşdu. Kakao yenidən bahalaşarsa, istehsalçılar şokoladdakı kakao və kakao yağının payını azaltmaq və daha ucuz alternativlərdən istifadə etmək məcburiyyətində qala bilərlər.
Kartof
Kartof da riskli məhsullar sırasındadır. Kartof yumrularının formalaşması üçün böyük miqdarda su tələb olunur. Güclü yay quraqlığı məhsuldarlığa ciddi təsir göstərib. Hesablamalara görə, Böyük Britaniya və Avropada kartof istehsalı gözləniləndən 3,5 milyon ton az ola bilər. Təklifin azalması isə tələbat sabit qaldığı halda qiymətlərin yüksəlməsinə səbəb ola bilər.
İspanaq və kahı
İspanaq, kahı və digər yarpaqlı tərəvəzlər də yüksək temperatur və su çatışmazlığına həssasdır. İsti hava bitkilərin vaxtından əvvəl toxum əmələ gətirməsinə, quraqlıq isə suvarma imkanlarının məhdudlaşmasına səbəb olur.
Məhsuldarlığın azalması ticarət şəbəkələrini idxalı artırmağa vadar edə bilər ki, bu da qiymətlərə təsir göstərə bilər.
Quraqlıq buğda istehsalına da təsir edib. Böyük Britaniyada uzunmüddətli quraqlıq buğdanın məhsuldarlığını aşağı salıb. Bu isə çörəyin qiymətinə əlavə təzyiq yarada bilər. Çünki çörəyin maya dəyərində yalnız taxılın qiyməti deyil, enerji və digər istehsal xərcləri də mühüm rol oynayır.
Zeytun yağı
Bahalaşa biləcək digər məhsul isə zeytun yağıdır. 2024-cü ildə qiymətlərdə kəskin artım qeydə alınsa da, sonradan müəyyən ucuzlaşma baş verib. Lakin Aralıq dənizi regionunda quraqlıq və ekstremal istilərin artması yeni qiymət artımı riskini gündəmə gətirir. Yunanıstan, İtaliya və Portuqaliyada baş verən yanğınların da zeytun məhsuluna zərər vurduğu bildirilir.
Beləliklə, hava şəraitindəki dəyişikliklər artıq yalnız kənd təsərrüfatı istehsalçılarını deyil, istehlakçıları da təsir dairəsinə alır. Quraqlıq, istilik və təbii fəlakətlər məhsuldarlığı azaltdıqca, ərzaq bazarında həm qiymətlərin, həm də məhsul çeşidinin dəyişməsi ehtimalı artır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.