Merz: Avropa İttifaqı Çinlə ticarət müharibəsi istəmir

Almaniya kansleri Fridrix Merz Avropa İttifaqının (Aİ) Çinlə ticarət müharibəsinə başlamaq niyyətində olmadığını bildirib. O, bununla belə, Avropanın iqtisadi maraqlarını qətiyyətlə müdafiə edəcəyini və haqsız rəqabətə qarşı mübarizə aparacağını vurğulayıb.
Merz bu barədə “Berlin Global Dialogue” iqtisadi forumu çərçivəsində keçirilən panel müzakirəsində danışıb.
“Xeyr, bizim aramızda ticarət müharibəsi yoxdur. Biz buna can atmırıq. Əksinə, Çinlə ədalətli ticarətin tərəfdarıyıq. Bundan faydalana bilərik”, – deyə Almaniya kansleri bildirib.
Onun sözlərinə görə, Avropa tərəfi Pekinin bəzi haqsız ticarət təcrübələri ilə üzləşir və bu məsələlər açıq şəkildə müzakirə edilməlidir. Merz qeyd edib ki, mövcud vəziyyət Çinlə ticarət müharibəsinin başladığı anlamına gəlmir. Brüsselin əsas məqsədi isə Çinlə iqtisadi münasibətlərdə yeni balans yaratmaqdır.
Kansler Almaniya şirkətləri üçün Çinin mühüm bazar olaraq qaldığını da diqqətə çatdırıb.
Merz bildirib ki, Avropa İttifaqı zərurət yaranmadan mövcud müdafiə mexanizmlərinin hamısını işə salmaq istəmir, lakin özünü müdafiə etməyə hazırdır.
“Bizim alətlərimiz var. Bu alətlər qutusunu açır, onu nümayiş etdiririk, amma onlardan istifadə etmək istəmirik. Bununla haqsız rəqabətə qarşı müdafiəyə hazır olduğumuzu göstəririk. Dialoq artıq başlayıb və heç vaxt olmadığı qədər dərinləşib”, – deyə o vurğulayıb.
Çinlə ticarətdə əsas narahatlıqlar
Almaniya kansleri Çinlə iqtisadi münasibətlərdə bir sıra problemlərə diqqət çəkib. Bunlara Çində həddindən artıq istehsal güclərinin mövcudluğu, avtomobil sənayesinə genişmiqyaslı dövlət subsidiyalarının ayrılması və yuanın məzənnəsinin süni şəkildə aşağı saxlanılması daxildir.
Merz Avropa İttifaqının yanaşması ilə ABŞ-ın proteksionist siyasəti arasında da fərq olduğunu bildirib. Onun sözlərinə görə, Aİ açıq bazar modelini qorumaq və gələcəkdə də açıq bazar olaraq qalmaq istəyir.
“Avropanı ABŞ-dan prinsipial olaraq fərqləndirən cəhət məhz budur”, – deyə kansler qeyd edib. O əlavə edib ki, ABŞ bazarı Çin dövlət şirkətləri və kommersiya strukturlarının əksəriyyəti üçün faktiki olaraq qapalıdır.
Aİ Çinlə bağlı yeni tədbirlər hazırlayır
Bundan əvvəl Aİ sammitində üzv ölkələrin liderləri Avropa Komissiyasına bazar disbalanslarına qarşı əlavə mexanizmlərin təcili hazırlanmasını tapşırıblar. Aİ-nin daxili bazarına çıxış üzərində nəzarətin sərtləşdirilməsinin əsas təşəbbüskarları arasında Fridrix Merz və Fransa Prezidenti Emmanuel Makron da var.
Eyni zamanda, Brüssel Pekinlə birbaşa danışıqları davam etdirir. Məlumata görə, Çinin paytaxtında keçirilən görüşlərdən sonra Çin hibrid avtomobillərinin Avropaya ixracını iki dəfədən çox azaltmağa razılıq verib. Bu addımın Almaniyanın avtomobil istehsalçılarına qarşı rəqabət təzyiqini azaltması gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.