Bu gün Ermənistan dünyada artıq Rusiyanın yox, daha çox Fransanın forpostu kimi tanınır. Ermənistanın baş naziri Nikol Paşinyanın 2018-ci ildən hakimiyyətə gələndən sonra ortaya qoyduğu xarici siyasət kursu bunu deməyə əsas verir.
Belə ki, N.Paşinyan hakimiyyətə gələndən az sonra Qərbə yaxınlaşmağa, Rusiyadan uzaqlaşmağa başladı. Bu isə regionda yeni geosiyasi reallıqlar yaratmaqla yanaşı, Ermənistan dövlətçiliyi və hakimiyyəti üçün də ciddi təhdidlərə zəmin yaratdı. Belə ki, bu gün rəsmi İrəvan faktiki olaraq Rusiya ilə Qərb arasında siyasi poliqona çevrilib. Gələcəkdə Ukraynanın taleyini yaşayaraq hərbi poliqona çevrilməsi də istisna deyil.
Bu kontekstdən Belarus Prezidenti Aleksandr Lukaşenkonun avqustun 23-də “Rossiya” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər diqqət çəkir. Bildirib ki, indiki vəziyyətdə Ermənistan region ölkələri ilə münasibətləri inkişaf etdirməlidir. “Ermənistan bizdən başqa kimə lazımdır?! Heç kimə. Elə isə iqtisadiyyatını inkişaf etdirib öz resurslarına köklənsin. Hansı Fransa və ya hansı Makron? Sabah o da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq”, - Lukaşenko deyib.
Əslində bu Belarusun Ermənistana qarşı ilk "jesti" deyil. Rəsmi Minsk bundan əvvəl də İrəvana qarşı oxşar addımlar atıb. Və aydın məsələdir ki, bu, həm də Moskvanın mövqeyidir.
Qeyd etmək yerinə düşər ki, Lukaşenkonun açıqlaması Ermənistan daxilində ciddi kataklizm yaradıb. Belə ki, bu barədə Ermənistan Milli Assambleyasının “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan A.Lukaşenkoya cavab verib. Açıqlamasında həm də N.Paşinyanı "vurub". Deyib ki "Lukaşenko düşünməsin ki, o, Ermənistan Respublikası ilə N.Paşinyanla olduğu kimi danışa bilər".
“Millətimizin və dövlətimizin xarakterik xüsusiyyətlərindən biri heysiyyət olub və olacaq və biz gec-tez onu bərpa edəcəyik”, - Mamicanyan qeyd edib.
Görünür, Ermənistan müxalifəti dövlətlərinə qarşı bu münasibətin günahını yerli iqtidarda görürlər.
Ermənistanın Emmanuel Makron hakimiyyətinin direktivləri ilə hərəkət etməsini hər kəs görür, aydın başa düşür.
Məsələ ondan ibarətdir ki, rəsmi Paris bütün imkanları ilə Cənubi Qafqazda olmaq istəyir. Bunun üçün bölgənin ən zəif bəndi olan Ermənistandan istifadə edilir. Fransa “3T” - təsir, təlqin və təzyiq düsturundan istifadə edərək regiondakı mövcudluğunu qorumaq və mümkünsə daha da gücləndirmək istəyir.
Yelisey Sarayı yaxşı başa düşür ki, rəsmi Bakının yaratdığı yeni reallıqlar sayəsində Azərbaycanla Ermənistan arasında sülh indi çox yaxındır. Tərəflər arasında davam edən və bir sıra hallarda nəticə verən ikitərəfli təmaslar prosesi daha da sürətləndirir. Bu isə Makron iqtidarını narahat edir. Çünki mümkün sülh istənilən üçüncü qüvvənin, o cümlədən də Fransanın regiona müdaxiləsinin qarşısının alınması deməkdir. Elə buna görə də Paris “suları bulandırmağa” çalışır. Bunun üçün isə platsdarm kimi İrəvandan istifadə olunur.
Fransa özünü Ermənistana dost kimi göstərir. Ayrı-ayrı vaxtlarda Ermənistanın “hüquqlarını” müdafiə edərək manipulyasiyaya yol verir. Ermənistanı silahlandıraraq “dəstək göstərir”. Sonra isə özündən asılı vəziyyətə salır və “ev tapşırıqlarını” verir.
A.Lukaşenkonun nəzərdə tutduğu da əslində elə bu idi. Nəzərə almaq lazımdır ki, Ermənistan bu gün siyasi, iqtisadi, təhlükəsizlik cəhətdən xeyli dərəcədə Qərbdən - “uzaq qohumdan” asılıdır. Halbuki Ermənistana Rusiya, Belarus və İran daha yaxındır. Rəsmi İrəvan Minsk, Moskva və digər dövlətlərlə birlikdə eyni birlikdə də hələ təmsil olunur. Ermənistan bu qurumu hər nə qədər boykot etsə də, hələ də hüquqi cəhətdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındadır (KTMT).
Artıq Makronun vaxtından əvvəl - 2027-ci ildə keçiriləcək prezident seçkilərindən daha tez hakimiyyətdən gedəcəyi fikirləri geniş yayılıb. Maraqlıdır, Makron hakimiyyətdən gedəndən sonra Paşinyan nə edəcək? Bəlkə də, Ermənistan artıq post-Makron dövrünə hazırlaşmalıdır.
Həm də rəsmi İrəvanın “gözü çıxan qonşularından” dərs çıxarması yaxşı olar. Fransanın Şərqi Avropada, Yaxın Şərqdə və digər regionlarda “qanla qidalanması”, habelə kolonist siyasəti, müstəmləkəçiliyi çoxlarına məlumdur. Yəqin ki, Paşinyan da bunları görür və anlayır.
Ermənistanın Fransa ilə davam edən yaxınlaşması region və bu dövlətin özü üçün yaxşı nə isə vəd etmir. İrəvan, deyəsən, Parisin yeni müstəmləkəsi olmaq yolunu seçib. Bu, Ermənistan hakimiyyəti üçün ciddi və kifayət qədər real təhdiddir.(Report)