Politoloq Ülkər Piriyeva: Prezident İlham Əliyevin diplomatik manevrləri Qafqaz siyasi xəritəsində yeni cizgilər yaradır
Politoloq Ülkər Piriyeva
Bakı, 19 may — Azadmedia.az
Prezident İlham Əliyevin diplomatik manevrləri Qafqaz siyasi xəritəsində yeni cizgilər yaradır
Son bir ayda Prezident İlham Əliyevin Çin, İran, İsrail, Türkiyə və Rusiya ilə apardığı yüksək səviyyəli diplomatik dialoqlar Azərbaycan diplomatiyasının çevik və strateji mahiyyətini bir daha ortaya qoydu. Bu diplomatik “masterklass”, sadəcə beynəlxalq əlaqələrin yenidən formatlaşdırılması deyil, eyni zamanda regional güc balansının Azərbaycan lehinə dəyişdirilməsi baxımından mühüm bir hadisə kimi qiymətləndirilməlidir.
Ermənistan siyasi dairələrinin bu diplomatik aktivliyə verdiyi emosional reaksiya — yəni “şoka düşmək” — əslində Azərbaycanın regional və qlobal güc mərkəzləri ilə sinxron şəkildə irəlilədiyinin sübutudur. Əliyevin çoxqütblü dünya düzənində eyni anda həm Şərqlə, həm Qərblə, həm də yaxın qonşularla paralel və praqmatik siyasət aparması, Bakının regional oyunda yalnız izləyici deyil, artıq oyun qurucu bir aktora çevrildiyini göstərir.
Çinlə iqtisadi əməkdaşlıq, İranla sərhəd təhlükəsizliyi və enerji dialoqu, İsraillə texnologiya və hərbi təmaslar, Türkiyə ilə strateji ittifaq və Rusiya ilə tarazlaşdırıcı münasibətlər — bunlar hər biri fərqli vektorlar üzrə yürüdülən balanslaşdırılmış bir xarici siyasət anlayışının nümunələridir.
Azərbaycan diplomatiyasının bu çoxşaxəli manevrləri, regionun gələcək siyasi arxitekturasında Bakının əsas sütunlardan biri olacağını proqnozlaşdırmağa əsas verir. Əliyevin bu qlobal və regional diplomatik “şahmat oyunu”, nəinki erməniləri, hətta beynəlxalq aktorları da yeni reallıqlarla üz-üzə qoyur.
Prezident İlham Əliyevin çoxşaxəli və strateji xarici siyasəti bu gün Azərbaycanı regional və qlobal güc mərkəzləri arasında balanslaşdırıcı və oyunqurucu aktora çeviribsə, bu yanaşmanın təməlində şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən və əsaslandırılmış siyasi xətti dayanır.
Ulu Öndər Heydər Əliyev dövründə milli maraqların qorunması ideyası Azərbaycanın müstəqilliyinin təminatçısı kimi çıxış edirdisə, İlham Əliyev bu irsi daha da inkişaf etdirərək milli maraqları qlobal güclər arasında balanslı siyasətlə təmin edir. Bu, Azərbaycanın öz sözünü deməkdən çəkinməyən, prinsipial, eyni zamanda praqmatik dövlət kimi formalaşmasını göstərir.
Prezident İlham Əliyevin diplomatik “şahmat oyunu”nun intellektual və strateji əsasları Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik platformasında formalaşmış, lakin müasir çağırışlara uyğun yenilənmiş və çevikləşdirilmişdir. Bu siyasət Azərbaycanın həm regional təhlükəsizlik arxitekturasında, həm də beynəlxalq münasibətlər sistemində möhkəm yer tutmasını təmin edir.