AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın belini qıran mübaribənin 4-cü ili - TƏHLİL

  • + A
  • - A
  • Bu gün, 15:32

    Rusiyanın belini qıran mübaribənin 4-cü ili - TƏHLİL

     
    Rusiya və Ukrayna arasında başlayan genişmiqyaslı müharibənin dördüncü ili tamam olur. 2022-ci ilin 24 fevralında “xüsusi hərbi əməliyyat” adı ilə start verilən hücumun hədəfi qısa müddətdə Kiyevi nəzarətə götürmək, Ukraynanın Qərbə inteqrasiyasını dayandırmaq və regionda yeni təhlükəsizlik düzəni formalaşdırmaq idi. Dörd ilin yekunu isə Kremlin planları ilə reallıq arasındakı dərin uçurumu ortaya qoyur.

    Rusiya nəinki məqsədlərinə çatmadı, eyni zamanda ciddi iqtisadi, maddi itkilərlə üzləşdi.

    Sanksiya rekordçusu: təcrid olunmuş iqtisadiyyat

    Rusiya bu illər ərzində tarixdə ən çox sanksiyaya məruz qalan ölkəyə çevrildi. ABŞ, Aİ və müttəfiqlər maliyyə, enerji, logistika və texnologiya sektorlarını hədəfə aldı. Bankların SWIFT sistemindən çıxarılması, enerji ixracına qiymət tavanı, yüksək texnologiya embarqosu, dövlət və oliqarx aktivlərinin dondurulması ciddi zərbə idi. Kreml enerji satışını Asiya bazarlarına yönəltməklə zərbəni yumşaltmağa çalışdı. Lakin uzunmüddətli perspektivdə texnoloji asılılıq, investisiya çatışmazlığı və sənayenin modernizasiya imkanlarının məhdudlaşması iqtisadiyyatın struktur zəifliyini dərinləşdirib.

    2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarına görə Qərb ölkələri və müttəfiqlər Rusiya Mərkəzi Bankı və digər dövlət qurumlarının xarici valyuta rezervlərini, dövlət istiqrazlarını və digər aktivləri öz yurisdiksiyalarında dondurub.

    Bu aktivlərin həcmi ilə bağlı müxtəlif beynəlxalq mənbələrdə hesablamalar mövcuddur. Müxtəlif hesablamalara və Qərb mediasının yazdığına görə, təxminən 300-350 milyard dollar civarında xarici aktivlər Qərb ölkələrində dondurulub. Dondurulan aktivlər əsasən Rusiya Mərkəzi Bankının xarici valyuta ehtiyatları və dövlət istiqrazlarıdır.

    Avropa İttifaqı çərçivəsində Rusiyanın təxminən 210 milyard avro dövlət aktivi dondurulub. Əlavə olaraq rusiyalı iş adamlarının və Rusiya vətəndaşları olan iş adamlarına məxsus şirkətlərin özəl 28 milyard avro aktivləri də dondurulub.

    Ekspertlər isə bildirir ki, bu məbləğlər təxmini hesablamalardır. Aktivlərin qiyməti bazar şərtlərinə görə dəyişir və bəzi ölkələr hələ də konkret rəqəmlər açıqlamayıb. Ona görə də Rusiyanın dondurulmuş aktivlərinin ümumi məbləğinin daha böyük olduğu istisna deyil. Dondurulmuş aktivlərin bir hissəsi yalnız istifadə olunmayan vəziyyətdədir. Bəzi ölkələrdə dondurulmuş aktivlərdən gələn faiz gəlirləri artıq Ukraynaya yardım üçün istifadə edilir. Avropa Komissiyası bir müddət əvvəl Rusiyaya qarşı yeni, 20-ci sanksiyalar paketini təqdim edib.Avropa Komissiyasının mətbuat xidmətinin məlumatına əsasən paketin əsas elementi Rusiya neftinin daşınmasına xidmətlərin tam qadağan edilməsi olacaq. Avropa Komissiyası bunu G7 üzrə tərəfdaşlarla koordinasiya şəklində həyata keçirməyi planlaşdırır.

    Yeni məhdudiyyətlər paketi aşağıdakıları əhatə edəcək:

    - Rusiya neftinin daşınmasına göstərilən xidmətlərə tam qadağa;

    - Rusiya neftini daşıyan 43 tankerə sanksiya;

    - 20 regional Rusiya bankına qarşı məhdudiyyətlər və yeni tranzaksiya qadağaları;

    - İllik həcmi 360 milyon avro olan malların ixracına qadağa — rezindən traktorlara qədər;

    - Rusiyadan metalların, mineralların və nadir torpaq elementlərinin alınmasına qadağa;

    - Texnikanın Rusiyaya yenidən ixracında şübhəli bilinən ölkələrə kompüter və radioelektron avadanlıqların ixracına məhdudiyyətlər.

    Müharibədən bu yana həlak olan rus hərbçilərinin sayı

    BBC, Mediazona və könüllülər qrupu Ukrayna ilə müharibənin başlanğıcından bəri həlak olan 186 min 102 rus əsgərinin kimliyini müəyyən edib. Tədqiqatçıların fikrincə, son bir ay ərzində təsdiqlənmiş adların sayı təxminən 20 min artıb. Bu, saymanın başlanmasından bəri rekord artımdır. Lakin tədqiqatın müəllifləri ölüm hallarının artmasının cəbhə xəttindəki mövcud vəziyyətlə əlaqəli olmadığını vurğulayırlar.

    Hesablama metodologiyası ictimai qeydlərin təhlilinə əsaslanır: nekroloqlar, sosial media paylaşımları və itkin düşmüş şəxslərlə bağlı bildirişlər. Həqiqi itkilərin sayı daha çox ola bilər.

    Son bir ay ərzində tədqiqatçılar bir neçə il ərzində toplanmış məlumatları ictimaiyyətə açıq hökumət məlumat bazaları, əsasən də bir şəxsin ölümünü effektiv şəkildə təsdiqləyən vəsiyyətnamə reyestr siyahıları ilə müqayisə edə biliblər.

    Həmçinin qeyd olunub ki, ölənlər arasında könüllülərin nisbəti artmaqda davam edir: onlar hazırda bütün təsdiqlənmiş itkilərin üçdə birini təşkil edir. Son bir il yarım ərzində müəyyən edilmiş bütün könüllülərin yarıdan çoxu həlak olub.

    Ölkəsini tərk edən rusların sayı

    666 min rus müharibə başlayandan sonra ölkəni tərk edib və geri qayıtmayıb. Bu rəqəmi 70-ə yaxın rusa ev sahibliyi edən ölkənin hər birinin statistikasına əsaslanaraq “The Bell” nəşr edib.

    Bu, rəsmi dərc olunmuş rəqəmlər, rəsmilərin açıqlamaları öyrənildikdən və sorğuların göndərildiyi ölkələrin hakimiyyət orqanlarının birbaşa cavablarından sonra əldə edilib.

    Hazırda rusların ən çox məskunlaşdığı 5 ölkə aşağıdakılardır:

    Ermənistan -110 min nəfər

    İsrail və Qazaxıstan - hər birində 80 min nəfər

    Gürcüstan - 73,5 min nəfər

    ABŞ - 48 min nəfər

    Almaniya 36 min nəfər.

    Serbiya ilə Türkiyə də rusları qəbul edib. Rəsmi məlumatlara görə, müharibədən qaçan rusların sayı Serbiyada təxminən 30 min, Türkiyədə isə 28 min nəfərdir.

    Rusiyanın sarsılan nüfuzu

    Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Moskva təkcə sanksiyalarla deyil, həm də bir sıra regional və qlobal mexanizmlərdən faktiki kənarda qalmaqla üzləşdi. Dörd ilin yekununda bu təcrid bir neçə istiqamətdə özünü göstərir.

     Avropa təhlükəsizlik arxitekturası

    Rusiya Avropa təhlükəsizlik sistemində əvvəlki rolunu itirib. NATO-Rusiya Şurasının fəaliyyəti faktiki dayanıb, Avropa İttifaqı ilə institusional dialoq minimuma enib, Avropada silahlanmaya nəzarət mexanizmləri (müxtəlif ikitərəfli formatlar) dondurulub və ya ləğv olunub. Nəticədə, Rusiya Avropanın yeni təhlükəsizlik modelinin formalaşdırılmasında iştirak etmir.

    “Böyük Yeddilik” və Qərb iqtisadi platformaları

    Rusiya artıq illərdir ki, G7 formatından kənardadır, lakin müharibədən sonra bu platforma ilə hər hansı əməkdaşlıq perspektivi tamamilə bağlanıb.

    Eyni zamanda, Qərb investisiya fondları və maliyyə institutları Rusiya bazarını tərk edib, SWIFT sistemindən əsas bankların çıxarılması qlobal maliyyə inteqrasiyasını zəiflədib, enerji bazarında Avropa istiqaməti ciddi şəkildə daralıb.

     Enerji və nəqliyyat marşrutları

    Avropa ölkələri Rusiya qazından asılılığı azaltmaq üçün alternativ layihələrə üstünlük verdilər. Bu da Xəzər qazını Avropaya daşıyan Cənub Qaz Dəhlizinin genişləndirilməsi, LNG terminallarının sürətli qurulması,Orta Dəhliz və Transxəzər marşrutlarının aktuallaşması ilə nəticələndi. Bu proses isə Rusiyanın tranzit rolunun zəifləməsinə gətirib çıxardı.

    İdman və mədəni platformalar

    Rusiya müharibəyə görə, bir çox beynəlxalq yarışlardan kənarlaşdırılıb.

    Bunlara aşağıdakılar aiddir:

    -FIFA və UEFA turnirlərindən uzaqlaşdırma

    -Olimpiya oyunlarında məhdud iştirak

    -Beynəlxalq mədəni tədbirlərdə təmsilçilik məhdudiyyətləri.

    Bu da ölkənin “yumşaq güc” imkanlarını azaldıb.

     Regional proseslərdə təsirlərinin azalması

    Cənubi Qafqazda yeni geosiyasi balans formalaşıb, Türkiyə və Aİ-nin rolu artıb,  Qara dəniz təhlükəsizlik gündəliyində NATO fəallığı genişlənib və Şərqi Avropada hərbi infrastruktur gücləndirilib.

    Rusiya formal olaraq bəzi platformalarda,məsələn, BMT Təhlükəsizlik Şurasında qalsa da, praktiki təsir imkanları əvvəlki səviyyədə deyil.

    Bir sözlə, Rusiya nəinki istəklərinə nail olmadı, həm də bataqlığa batdı. 

    Lakin bu 4 il Ukraynaya iki paralel reallıq gətirdi: bir tərəfdən dağıntı və insan faciəsi, digər tərəfdən isə güclənmiş milli kimlik, modernləşmiş ordu və Qərblə sürətlənmiş inteqrasiya.

    Əgər müharibənin əsas məqsədi Ukraynanı zəiflətmək idisə, nəticə paradoksal oldu. Yəni Ukrayna ağır itkilər versə də, siyasi və strateji baxımdan əvvəlkindən daha çox Qərbə bağlandı və dövlətçilik baxımından daha konsolidə olunmuş vəziyyətə gəldi.(Modern)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR