AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gedişlə sabah əsgər tapmayacağıq

  • + A
  • - A
  • Bu gün, 19:16

    Bu gedişlə sabah əsgər tapmayacağıq


    Son illərdə demoqrafik göstəricilər və əhalinin artım tempi ilə bağlı yayılan məlumatlar ciddi narahatlıq doğurur. Xüsusilə gənc nəsil arasında evliliyin gecikməsi, doğum sayının azalması və sosial-iqtisadi çətinliklər bu tendensiyanı daha da dərinləşdirir. Əgər bu proses davam edərsə, uzunmüddətli perspektivdə həm əmək bazarında, həm də hərbi potensialda ciddi boşluqlar yarana bilər.

    Bu gün artıq bəzi hallarda sağlamlıq baxımından tam uyğun olmayan şəxslərin “yararlıdır” kateqoriyası ilə hərbi xidmətə cəlb olunması barədə müzakirələr gedir, aparılır da. Bu isə cəmiyyətin diqqətini daha böyük bir problemin üzərinə yönəldir: əhalinin artım tempinin zəifləməsi.

    Demoqrafik azalma təkcə statistik məsələ deyil. Bu, birbaşa olaraq dövlətin gələcək təhlükəsizlik, iqtisadi inkişaf və sosial sabitlik potensialına təsir edən amildir. Əgər doğum səviyyəsi aşağı qalarsa, 10–20 il sonra çağırış yaşına çatan gənclərin sayı da azalacaq. Bu isə istər-istəməz seçim imkanlarını məhdudlaşdıracaq.

    Məhz buna görə də sosial siyasətə yenidən baxılması artıq zərurətə çevrilib. Gənclərin ailə qurmasını stimullaşdıran real və effektiv mexanizmlər tətbiq olunmalıdır. Bunlara güzəştli ipoteka və ya dövlət tərəfindən təmin olunan ilkin mənzil proqramları, uşaqpulu və ailələr üçün maddi dəstək mexanizmlərinin bərpası və ya gücləndirilməsi, gənc ailələr üçün vergi güzəştləri, stabil iş imkanlarının artırılması və gəlir güvənliyinin təmin olunması daxildir.

    Gənclər ailə qurmaqdan çəkinirsə, bunun səbəbi yalnız istək deyil, daha çox maddi və sosial qeyri-müəyyənlikdir. Bu baryerlər aradan qaldırılmadan doğum səviyyəsinin yüksələcəyini gözləmək real deyil.
    Eyni zamanda, məsələni yalnız “əsgər sayı” prizmasından yox, ümumi milli inkişaf strategiyası çərçivəsində qiymətləndirmək lazımdır. Sağlam, təhsilli və sosial təminatlı nəsil yetişdirmək həm ordunun keyfiyyətini, həm də cəmiyyətin rifahını artırır.

    Nəticə olaraq, demoqrafik artımın təşviqi strateji prioritet kimi qəbul edilməli, sosial paketlər isə sadəcə formal yox, real təsir gücünə malik olmalıdır. Bu gün atılan addımlar gələcəyin təhlükəsizlik və inkişaf səviyyəsini müəyyən edəcək. Sonra gec olar.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR