Bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
XİN-in açıqlamasında bildirilib ki, hücuma məruz qalan gəmilər Azərbaycan dövlətinə məxsus olmayıb. Rusiya tərəfinin təqdim etdiyi məlumata əsasən, hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub, daha 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralanan şəxslərin Rusiyanın Yeysk şəhərində yerləşən xəstəxanaya çatdırıldığı və onlara tibbi yardım göstərildiyi qeyd olunub.
Nazirlikdən verilən məlumata görə, hazırda hadisə ilə bağlı aidiyyəti dövlət qurumları, Azərbaycanın diplomatik nümayəndəlikləri və müvafiq ölkələrin səlahiyyətli orqanları ilə koordinasiya işləri aparılır. Azərbaycanın Rusiyadakı səfirliyinin bir neçə əməkdaşı hadisə yerinə ezam olunub.
Vətəndaşların vəziyyətinin nəzarətdə saxlanıldığı, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində tədbirlərin görüldüyü vurğulanıb.
Xarici İşlər Nazirliyi həlak olan vətəndaşların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların isə tezliklə sağalmalarını arzulayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.