67 şəhər və rayon dövlət dotasiyası almadan maliyyələşdiriləcək

Azərbaycanda gələn il 67 şəhər və rayonun yerli xərclərinin öz gəlirləri hesabına ödənilməsi planlaşdırılır.
2027-ci il dövlət büdcəsi layihəsinə əsasən, bu ərazilər üzrə 18 milyard 430 milyon manat gəlir, 735 milyon 575 min manat isə yerli xərc proqnozlaşdırılıb.
“Xəzər Xəbər”in məlumatına görə, iqtisadçı Eyyub Kərimli bildirib ki, yerli xərclər ərazilərdə infrastrukturun qorunması və inkişafı, abadlıq işləri, yolların təmiri, parkların salınması və sosial dəstək tədbirlərini əhatə edir.
Onun sözlərinə görə, bu vəsaitlər hesabına həyata keçirilən layihələr əhalinin rifahının yüksəldilməsinə, regionlarda sahibkarlığın inkişafına və məşğulluğun artmasına müsbət təsir göstərir.
Büdcə layihəsində nəzərdə tutulan qaydaya əsasən, yerli gəlirlərin xərclərdən artıq olan hissəsi mərkəzləşdirilmiş dövlət büdcəsinə daxil ediləcək.
Eyni zamanda, gəlirlərin yerli xərcləri ödəmədiyi təqdirdə dövlət büdcəsindən həmin xərclərin 10 faizindən çox olmayan hissəsinin ayrılması mümkündür.
Məlumat üçün bildirək ki, 2026-cı il dövlət büdcəsində yalnız bir rayonun dotasiya alması nəzərdə tutulmuşdu. 2027-ci il layihəsində isə 67 şəhər və rayonun yerli xərclərinin tamamilə öz gəlirləri hesabına qarşılanacağı gözlənilir.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.