AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveçin Umeo universitetinin doktoru Səadət Kərimi - Harda yerləşir vandalizmin açıq muzeyi? - Özəl - Foto

  • + A
  • - A
  • 25-02-2021, 00:56



    Azadmedia.az-ın qonağı İsveçin Umeo universitetinin doktoru, törcüməçi, yazar Səadət Kərimi - Harda yerləşir vandalizmin açıq muzeyi? - deyə xüsusi yazı..

    Harda yerləşir vandalizmin açıq muzeyi?


    İsveçin Umeo universitetinin doktoru, tərcüməçi, yazar Səadət Kəriminin müəllifliyi və tərcüməsi ilə hazırlanmış "Əsk-səda: Qarabağ-Təbriz və İrəvan şahidlərin hekayətlərində" (Efterdyningar: Ögonvittnen berättar om Karabach, Tabriz och Jerevan) antologiyasının dərdlərimizin tərcümanı olduğunu deməklə yanaşı, həmçinin kitabın İsveç ictimaiyyətinə təqdim etdiyimiz əvəzsiz xəzinə olduğunu diqqətə çatdıra bilərik. Kitabı ciddi hadisə hesab etdiyimizdən, beş-on günə yox, illərə, əsrlərə hesablanmış bilgi və məlumat mənbəyi olduğunu vurğulamaqla bir daha oxucuların diqqətinə yönəltmək istərdik ki, müəllif bu kitabda haqqında bəhs etdiyimiz qədim yurd yerlərimizin tarixini, etnoqrafiyasını çatdırmağa cəhd etdiyindən zaman-zaman itirilmiş yurd yerlərimizin ümumi mənəvi xəritəsini yaratmağa nail olmuşdur.

    Bəlkə də bu sətirləri oxuyanların çoxu hamımızın bildiyi mövzudur deyəcəklər. Sizlə razıyam, amma müəllifin mövzuya necə yanaşmasını, hansı auditoriyaya üzünü tutduğunu unutmayın. Azərbaycandan kənarda Qarabağ, İrəvan, Təbriz, Marağa, Silduz, Gəncə, Dərbəndin Azərbaycan türkünə məxsusluğunu, bu yurd yerlərinə ulularımızın ruhunun hakimliyini ordakı mənəvi, maddi abidələrlə sübut etmək bizim üçün o qədər də asan deyil. Çünki bu vaxta qədər bu mövzuları əhatə edən elmi əsərlərimiz qədərincə olmadığı kimi, eyni zamanda, elmi-publisistik, hətta tarixi bədii əsərlərimiz belə nəinki qədərincə xarici dillərdə yazılmayıb, ana dilində yazılmış əsərlər belə tərcümə olunmayıb. Bir sözlə, sağalmaz yaramız olan yurd yerlərimiz haqqında doğru-dürüst, həqiqətləri göstərən əsərləri oxumağa ehtiyac duyan oxucuları ac saxlamışıq. Bütün bu problemləri nəzərə alaraq ümumiləşdirib deyirəm ki, Səadət xanımın atdığı addım həqiqi mənada hünərdir və Vətən təbliğatı yolunda yeni salınmış yoldur. Mübaliğəsiz deyə bilərəm, Azərbaycandan kənarda bu növ antologiyanın yaradıcısı olmaq bilərəkdən boynunu gilatin baltasının altına qoymaqdır, yalnız hər cür risqi gözaltına alan bir qələm sahibi bu yola düşə bilər. Erməni təbliğat fabrikinin istehsal etdiyi yalan-palanların qarşısına çıxmaq kənardan baxana keçiləcək bir yol kimi görünməsin.

    "Vandalizmin açıq muzeyi" (Utomhusmuseum av vandalism) məqaləsini iki dəfə oxudum. Birinci dəfə oxuduqda müəllifin İrəvanın salınmasından tutmuş son günlərimizə qədər şəhərin, yəni, İrəvanın yer üzündən silinib Yerevan formasına salınmasına qədər vandalizmi tarixi faktlarla göstərir. Məqalədə rus tarixinin ağ ləkəsi adlı ana xətti çıxartsan, ermənini azman bir qüvvə kimi təqdim edə bilərsən. Lakin İrəvanın Yerevana çevrilməsində erməni yox, rus gücünün mərkəzdə durduğu əsərboyu oxucuya sübut olunur. Həm də alim bunu adi publisistik bir yazı üslubunda yox, elmi tədqiqat əsəri kimi təqdim edir. Bu, birinci oxunuşumdan çıxartığım nəticə olsa da, ikinci oxunuşda özümə sual verdim: bir şəhərin pasportu onun üzərində qərar tutan tarixi abidələr, yoxsa etnoqrafiyası və ya toponimləridir? Gerçəkdən bu məqalə və nəyi itirdiyimizin, nə qədər itirdiyimizin mənzərəsini göz önünüdə sərgiləyir.

    Abidə və toponim - hansının şəhərin pasportu olduğunu izah etməzdən öncə, rusun ağ ləkələrinə diqqəti cəmləmək istərdim. Müəllif bəlkə də qədim Azərbaycan nağıllarından yola çıxaraq, divin canı şüşədə olduğu kimi, erməninin də əlininrusun ürəyində olduğunu diqqətə çatdırmaq istəyir. Çünki rusların tarixi yalanlarının hamısı erməniyə göstərmək istədikləri mərhəmət zamanı aşkarlanır. Rusun ilk ağ ləkəsi adı altında müəllifin vurğuladığı tarixi hadisə 1828-ci ildə Erməni vilayəti projesinin I Nikolay tərəfindən təsdiqlənməsi ilə başlayır.


    "...1840-cı ildə Ermənistan vilayətini ləğv edib bütün Cənubi Qafqazı Xəzər Quberniyasına və Gürcüstan-İmeret quberniyasına bölmüşdü. Tarixin bu dövründə baş verən erməni kilsəsinin başçılığı altında güclənən separatçı cəhdlər aşkara çıxarılmalıdır və dünyaya çatdırılmalıdır. Erməni kilsəsi əslində Rusiya imperiyası ərazisində müstəqil bir erməni dövləti yaratmağı planlaşdırırdı." Burdan da yola çıxaraq Qafqaz Albaniyasının ən qədim kilsələrinə sahiblənməyə başladılar və 1840-cı ildə rus çarının səxavəti ilə iki min ildən artıq uzun bir dövrə söykənən tariximiz birdən-birə yersiz ermənilərə bağışlanmış oldu. Və nəzərə alsaq ki, müəllif bu məqaləni xarici oxucular üçün nəzərdə tutub, o zaman burda iki Azərbaycanın varlığından da nişan verməyin nə qədər yerinə düşdüyünü deməliyik. Mənə qalsa, burda vurğulayacağımız əsas nöqtə Azərbaycanın Rusiya və İran arasında parçalanıb, şaqqalanması və bundan sonra Rus-İran savaşının başlanğıcında ruslarla sazişə girmiş erməni keşişlərinin "uzaqgörənliyi"dir. "Biz bu savaşda sizin yanınızdayıq, amma bizim Qafqazda erməni dövlətini qurmağımız üçün əldə edəcəyimiz qənimət torpaqdır!" Rus erməniyə verdiyi vədinə əməldə sadiq qaldığı üçün onu ittiham etməyə haqqımız yoxdur, savaş etikasına görə normal saya bilərik, çünki qaliblər mühakimə olunmurlar. Ancaq erməni yalanı qəbul edilməzdir, İrəvan və Naxçıvan xanlıqları ləğv olunub Erməni vilayəti adı ilə ermənilərə verilən kimi, bu qədim yurdumuz, eramızdan əvvəl IV əsrə söykənən Qafqaz Albaniyasını mənimsəməyə cəhd etdilər.

    Müəllif üzüqara Türkmənçay müqaviləsindən dərhal sonra yurdumuzun işğalını faktiki mənimsəməkdən ötrü əl atdıqları göz deşən bu yalanı aşkarlamaqdan ötrü ortaya sübut qoyur. 1829-cu ildə Rusiya imperiyası tərəfindən Uralda bir fabrikdə hazırlanmış "İrəvan qalasının fəthi" adlı medalyonun fotosunu dəlil kimi kitabda verir. Maraqlısı medalyonda İrəvandakı məscidlərin minarələrinin görünməsidir. (s.100)

    İrəvanla bağlı tarixi faktları rus tarixinin ağ ləkəsi xətti vasitəsi ilə xronoloji ardıcıllıqla və təbii ki, elmi faktlara əsaslanaraq yola çıxan müəllif ermənilərə təkan verən iki bahalı almazdan söz açmış olur. Əslində bu almazların hər ikisinin üzə çıxması silsilə dedektiv roman mövzusu olacaq qədər adamı marağa salır. Lakin biz burda maraqdan çox yurdumuzun mənimsənilməsində alınıb-satılan, hədiyyə-rüşvət kimi bir fiqura - əsas detala ürəkağrısı ilə yanaşıb yan keçə bilmərik. Onlardan biri son 30 ildə Qarabağı tilsimə salan ABŞ diasporasının Mixail Qorbaçovun arvadı Raisa Maksimovnaya hədiyyə etdiyi almaz qaşlı üzüklə Qarabağın onlara veriləcəyi vədini almasıdır. Rus imperiyasının başçısı Qarabağı ermənilərə verməkdən vaz keçdiyi an erməni diasporası israrla qiymətli daşlarını geri istəmişdilər. Erməni separatçılar ”Raisa, brilliantı geri qaytar!” yazısı olan plakat qaldırdılar. Rəsmi Kreml mərkəzi mətbuatda açıqlama verməli olduqda Qorbaçov rus tarixinə yeni bir ağ ləkə salmalı oldu: ”dövlət başçılarına verilən hədiyyələr dövlətin xüsusi xəzinəsində saxlanılacaqdır” - deyə bildi. Daşın sonrakı aqibəti haqda yazmaq fikrim yoxdur, çünki bu dedektiv roman formasında yazılacaq bir əsər yox, məqalədir.

    Bəs, digər bir qiymətli daş hansıdır. Tarixə almaz hadisəsi kimi düşmüş 1842-ci ilə aid olan bu hadisənin qısa xronikası belədir: "Qraf Orlovun çariça II Yekaterinaya ad günü münasibətilə hədiyyə verdiyi nəhəng bir almazın meydana gəlməsidir. O zaman çariça II Yekaterina və onun sevgilisi qraf Orlov, almazın erməni İvan Lazarev tərəfindən dövlət xəzinəsindən 1.000.000 qızıl rubl qiymətinə alındığını hər kəsdən gizli saxlamışdı. Bu almaz Pers dövləti hökmdarı Nadir şahın öldürülməsindən dərhal sonra şahın xəzinəsindən oğurlanmışdı və qəribə olsa da, sonra həmin almaz erməni tacirinin Stokholmda dükanında satışa çıxarılmışdı. Və sonra Rusiya imperatoruna satılmışdı. Rus xalqının ödədiyi vergilər hesabına maliyyələşdirilən Rusiya xəzinəsindən oğurlanmış bu almaz üçün ödənilən pullar Sankt-Peterburq şəhərində Nevski Prospektində yerləşən Erməni Kilsəsinin inşasına xərclənmişdi."

    Böyük rus rəssamı Frans Roubaudın "İrəvan qalasının fəthi" rəsm əsərində təsvir olunmuş İrəvanda məscidlər görünür və ən acınacaqlısı odur ki, həmin memarlıq abidələri bu gün erməni vandalizmi nəticəsində yer üzündən silinib. Əslində tək məscid yox, məşhur İrəvan hamamı, Zəngi çayı üzərində salınmış orta əsrlərə aid olan Zəngi körpüsü, Azərbaycan memarlığının şah əsərlərindən sayılan Sərdar sarayı və bu kimi saysız-hesabsız tarxi maddi abidlərimiz vandalizmin qurbanı olmuşdur. Rus tarixindəki ağ ləkənin erməni vandalizminin doğulmasından ötrü əlverişli şərait yaratdığını İrəvanın xarabalığa çevrilməsində yerli-yataqlı faktlarla sübut edən müəllif, əsərdə adı çəkilən bütün tarixi abidələrin fotosunu yerləşdirmişdir.

    İkinci bir vandalizmin toponimlərimizə olan hücumda özünü biruzə verməsini müəllif sovet ensiklopediyasına əsaslanaraq ortaya qoyur:

    1. Salah türk adı 1991-ci ildən dəyişib Akavnavan adı verilərək erməniləşib.

    2. Qətran 1948-ci ildə Gedaliç

    3.Aşağı Qaranlıq 1936-cı ildə dəyişərək Martuni

    4.Doqquz 1945-ci ildən Kanaçut adlanır.

    5.Zəngi çayının adı dəyişərək Razdan olmuşdur.

    6.Cəlaloğlu mahalı 1924-cü ildən Stepanavan

    7.Göyçə gölü - Sevan olmuş

    Bu yöndə siyahını uzatmaq olar, amma digər bir məsələyə diqqət çəkmək istərdik. Müəllif qeyd edir ki, tək-tək dəyişdirilən yer adlarımız sovet rəhbəri Stalinin göstərişi ilə Azərbaycan türklərinin Qərbi Azərbaycandan kütləvi deportasiya olunduğu 1947-48-ci illərdən sonra toponimlərimiz üzərinə olunan vandalların hücümu daha geniş vüsət aldı.

    Mənim qənaətimə görə, qədim yurd yerimiz İrəvanın mənimsənilmə tarixini faktlarla sübut edən bu kitabı tək isveç yox, dünyanın digər aparıcı dillərinə çevirib təbliğ etməmiz ümumi işimizdə müsbət bəhrə verə bilər.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR