Masallı, 16 aprel — Azadmedia.az
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir
Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 39 il ötür. Onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır.
Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanın birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.
1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.
Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.
Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Görkəmli alimin respublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslı elmi-tədqiqat işləri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabında oxuyuruq: “Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.
Müasirlərinin dediyi kimi, Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibət də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. Özünə rəhm etmirdi, analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. Hərdən analar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar ki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım məhz belə analardan idi.
Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı
Paşayev Teymur
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.