AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qələbə təbrikləri dumanlı beyinlərə ən tutarlı cavabdır

  • + A
  • - A
  • 1-04-2021, 17:05


    Dövlət başçılarının iştirakı ilə keçirilən istənilən beynəlxalq tədbir dünyada baş verən proseslərə ortaq yanaşmanın formalaşması, addımların koordinasiyası və dövlətlərarası münasibətlərin yaxınlaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür tədbirlərdən biri martın 31-də baş tutdu, Qazaxıstanın ev sahibliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirildi. Tarixi kök, dil və din bağlılığı olan, eyni mənəvi dəyərləri bölüşən dövlətlərin təmsil olunduğu bu beynəlxalq tədbirin müharibədən yeni çıxmış ölkəmiz üçün də əhəmiyyəti danılmazdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Zirvə görüşündə çıxışını əsasən 44 günlük Vətən müharibəsinə həsr etdi və səbəbini görüş iştirakçılarına bu cümlələrlə çatdırdı: “Yenə də demək istəyirəm ki, mən öz çıxışımı bu məsələyə həsr etdim. Bu, təbiidir. Çünki dost ölkələrin rəhbərləri məsələnin mahiyyətini dərindən bilməlidirlər. Ümid edirəm ki, növbəti canlı təmaslar əsnasında biz bu məsələni daha geniş formatda müzakirə edəcəyik”.

    Bu fikirləri AzadMedia.az-a Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

    Ülvi Quliyev deyib: “Dövlətimizin başçısı xüsusi olaraq diqqəti ona da çəkdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi 30 ilə yaxın müddətdə BMT, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər nüfuzlu təsisatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etsələr də, münaqişə sülh yolu ilə həllini tapmadı. Prezident açıq şəkildə bildirdi ki, əgər bunun bir səbəbi Ermənistanın danışıqlar masasında tutduğu qeyri-konstruktiv mövqe və imitasiya oyunları, davamlı şəkildə törətdiyi hərbi-siyasi təxribatlar idisə, digər vacib səbəbi BMT Təhlükəsizlik Şurası kimi ali beynəlxalq qurumun 822,853,874 və 884 nömrəli qətnamələrinə işğalçının 27 il ərzində əməl etməməsidir. Dövlətimizin başçısı Zirvə görüşündə ATƏT-in Minsk qrupu həmsədrlərinin 28 illik fəaliyyətinə xalqımızın ədalətli dəyərləndirməsini də diqqətə çatdırdı: “Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi”.

    Prezident İlham Əliyev bu cümlələrlə faktiki olaraq xalqımızın 30 il ərzində yaşadığı ağrı-acını, çəkdiyi mənəvi iztirabı, dünya güclərindən ədalət gözlədiyi halda, yaşadığı xəyal qırıqlığını tərəddüd etmədən dilə gətirdi. Düşmən üzərində əldə etdiyimiz Qələbədən neçə-neçə otuz illər keçsə də, kimlərin və hansı dövlətlərin Ermənistanın yanında yer aldığını xalqımız unutmayacaq. Prezident ona işarə vurdu ki, dünya və onun bir hissəsi olan türkdilli dövlətlər də bu həqiqəti yaddan çıxarmamalıdırlar. Axı, kim inanar ki, nüvə dövlətləri, dünya çapında həlledici söz sahibi olan ölkələr kiçik Ermənistanı haqq-ədalətə, beynəlxalq hüquqa hörmətə dəvət edə bilmədilər. Edə bilməyiblərsə, yaxud etməyiblərsə, deməli, hansısa səbəblər, o cümlədən siyasi maraqlar buna mane oldu və beynəlxalq hüquq maraqların kölgəsində qaldı. Dünyada bir çox xalqların yaşadığı xəyal qırıqlığının səbəbi bu cür məqamlarla bağlıdır, xalqımızın 30 il ərzində üzləşdiyi ikili standartlar da elə buradan qaynaqlanır. Yeri gəlmişkən, Vətən müharibəsindən bir neçə gün əvvəl, ötən il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxış edən Prezident İlham Əliyev ikili standartların yolverilməz olduğunu dünya birliyinin diqqətinə çatdırıb bu təhlükəli tendensiyanın qarşısının alınması məqsədilə konkret təklif də irəli sürmüşdü: “Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır... Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır”.

    Dövlətimizin başçısının həmin təklifi hələ də aktual olaraq qalmaqdadır. Prezident İlham Əliyevin istər yerli, istərsə də xarici auditoriya qarşısında etdiyi çıxışlar bir daha göstərir ki, onun siyasi ritorikası məntiqi ardıcıllığa söykənir və ilk növbədə, qətiyyətli siyasi iradədən qaynaqlanır. Çünki təməlində haqq-ədalət tələbi və beynəlxalq hüququn normaları dayanır. Məsələn, fevralın 26-da,məhz Xocalı soyqırımı günündə yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında dövlətimizin başçısı belə bir fikir səsləndirmişdi: “Bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın, nə Azərbaycanda, nə də dünyada bu heç vaxt təkrarlanmasın və Azərbaycan heç vaxt 1990-cı illərin əvvəlində olan o aciz duruma düşməsin, Azərbaycan özünü, öz vətəndaşlarını hər zaman qoruya bilsin”. Martın 31-də keçirilən Zirvə görüşündə də Prezident İlham Əliyev Xocalı soyqırımını bir daha dövlət başçılarına xatırlatdı və bunu məqsədli şəkildə etdi. Çünki sivil dünya 29 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş erməni vəhşiliyinə hələ də adekvat qiymətini verməyib. Çünki faşist ideologiyasını rəsmi dövlət siyasətinə çevirən, Njde kimi nasist generalından qəhrəman obrazını yaradan Ermənistana açıq şəkildə, yaxud pərdə arxasından dəstək verən siyasi ünvanlar bu gün də mövcuddur. Vətən müharibəsi cəmiyyətimizə imkan verdi ki, onların kimliyini dəqiqliklə müəyyənləşdirə bilsin. Prezidentimiz Zirvə görüşündə iştirak edən dövlət başçılarının diqqətinə çatdırdı ki,30 il boyunca dünyadan haqq-ədalət gözləyən Azərbaycan xalqı sonda tarixi ədaləti və beynəlxalq hüququ təkbaşına bərpa etməyə məcbur oldu: “Biz təbii olaraq buna adekvat cavab verərək, əks-hücum əməliyyatı keçirib düşməni layiqincə cəzalandırdıq və 44 gün davam edən ll Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi”.

    Prezident İlham Əliyev çıxışı ilə Azərbaycan xalqının qədirbilənliyini bir daha nümayiş etdirdi, Türk Şurası, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının üzvlərinə ölkəmizə verdikləri mənəvi-siyasi dəstəyə görə təşəkkürünü çatdırdı. Dövlətimizin başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı bu fikirlər isə, türk dünyası ilə yanaşı, həm də dünya birliyinə verilən mesaj demək idi: “Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır”.

    Prezident İlham Əliyevin Zirvə görüşündə verdiyi bəyanatlardan ikisi üzərində xüsusi dayanmaq istərdim. Çünki bu mesaj təkcə Ermənistana və onun himayədarlarına ünvanlanmamışdı. Mesaj həm də cəmiyyətimizə idi:” Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb... Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq...Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir”.

    Xalqımızın qələbəsinə öz içərimizdən kölgə salmağa cəhd edənlərə çağırış edirəm.30 il ərzində həsrətində olduğumuz qələbəyə şübhə toxumu səpmək əvəzinə, gəlin, müharibə günlərində olduğu kimi, hamımız bir yerdə Prezidentin bu mühüm bəyanatlarının təbliği və təşviqi ilə məşğul olaq. Çünki bu, sıradan bir bəyanat, ritorik açıqlama deyil. Müharibənin hərbi fazası Azərbaycan xalqının qələbəsi ilə bitib. Lakin yerləşdiyimiz coğrafi məkanda qonşularımızın ünvanını heç kim dəyişməyəcək. Ermənistan da nə heç yana buxarlanan, nə də xislətini dəyişən deyil. Eyni xislətdə olan havadarları da həmçinin. Elə buna görə də, tarixi nailiyyətimiz olan ümumxalq birliyimizi kənardakı bədxahlarımızdan qorumalıyıq. Prezident İlham Əliyevin siyasi iradəsi və xalqımızın birliyi hesabına qovuşduğumuz Qələbənin qədir-qiymətini bilməliyik. Bu qələbə şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına başa gəlib. Ali Baş Komandan İlham Əliyevin möhtəşəm Qələbəmizə atdığı tarixi imzaya siyasi qısqanclıqla yanaşmaq bir tərəfdən siyasi özünəqəsddirsə, o biri tərəfdən, xalqımızın və dövlətimizin gələcəyi baxımından çox təhlükəli seçimdir. Bu təhlükəli mənzərəni son dörd ayda Ermənistan cəmiyyətində hər gün müşahidə etməkdəyik. 1990-cı illərin əvvəlində bizlərə yaşatdıqlarını, qələbədən sonra onlara artıqlaması ilə yaşatmaqdayıq...

    Zənnimcə, Zirvə görüşündə iştirak edən Türkdilli Dövlət Başçılarının qələbə təbrikləri bir çox suallara, dumanlı beyinlərə ən tutarlı cavabdır. Xüsusən, Prezident Rəcəb Tayyib Ərdoğanın bu sözləri: “Bu münasibətlə əziz qardaşım, hörmətli İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı Zəfərləri ilə bağlı şəxsən öz adımdan və xalqım adından bir daha təbrik edirəm...Arzum odur ki, ən qısa zamanda-Ramazan bayramından sonra qardaşımla birgə Şuşanı ziyarət edək, inşallah, burada yeni bir bayram yaşayaq”.

    Dost dövlətlərin rəhbərlərindən, xüsusən Türkiyə Prezidentindən qələbə təbriklərini eşidə bildiyimiz üçün qürur duymalıyıq- həm qətiyyətli Ali Baş Komandanımızla, həm qəhrəman ordumuzla və ilk növbədə, müdrik xalqımızla! Başlıcası, ən güclü silahımızı-birliyimizi bundan sonra da qorumalıyıq,1990-cı illərin acı təcrübəsini təkrarlamağa cəhd edənlərə imkan tanımamalıyıq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR