AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AzadMedia.az” saytı yazıçı - jurnalist Nurəddin ƏDİLOĞLUNUN “ŞƏHİDLİK MANİFESTİ” kitabından növbəti yazısını təqdim edir:

  • + A
  • - A
  • 24-05-2021, 11:50


    Masallıdan Şuşaya piyada gedəcəkdi...

    Qısa tanıtım: Ağamalı Şamil oğlu Ağayev 1996-cı il sentyabrın 23-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 2002-2004 - cü illərdə Sarıcəfərli kənd ümumi orta məktəbində, 2004-2013-cü illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. 2 oktyabr 2014-cü ildən 28 aprel 2016-cı ilə kimi Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Numunəvi hərbi xidmətinə görə dəfələrlə təşəkkürnamələr alıb. 2016-cı ilin aprel ayında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş döyüşlərdə iştirak edib.

    2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsinə könüllü qatılıb. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 19-da Füzuli döyüşləri zamanı yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaranda qəhrəmancasına şəhid olub. Doğulub boya-başa çatdığı Masallı rayonunun Çaxırlı kəndində böyük izdihamla son mənzilə yola salınıb.

    Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ağamalı Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

    Tarix dərsini səngərdə keçən əsgər

    Tarix qəhrəmanlar yaratdığı kimi, qəhrəmanlar da tarixi yaradırlar. Ağamalı Ağayevin sinif yoldaşı və yaxın dostu Siyaməddin Abdullayev deyir ki, o, həmişə tarixin və xalqımızın qan yaddaşında əbədi qalan 20 Yanvar faciəsindən, Xocalı soyqrımından ürək ağrıslyla danışardı, dərslərini də yaxşı oxuyurdu. “Masallı Regional Kollecinin aqonomluq fakültəsinə qabul olsa da, maddi çətinlik ucbatından təhsilini davam etdirə bilmədi.”

    Ağamalı həqiqi hərbi xidmətə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə başlamışdı. Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi sayılan Mübariz İbrahimovun adını daşıyan postu milli qəhrəmanımızın əmanəti kimi canla-başla qoruyurdu. Ordudan tərxis olunmağa bir neçə gün qalmış namərd düşmən qoşunların təmas xəttində silahlı təxribatlar törətdi, dinc əhaliyə hücumlar etdilər. Ən yeni tariximizin şanlı səhifəsi olan qısamüddətli

    Aprel döyüşlərində iştirak edən Ağamalı Ağayev 28 aprel 2016-cı ildə ordu sıralarından tərxis olundu.

    İşğalçılardan təmizlənmiş ərizilərimizdən söhbət düşəndə həmişə dost-tanışlarına deyərdi ki, erməni faşistləri Qarabağ bölgəsində layiq olmadıqları cənnət kimi gözəl guşələrimizi ələ keçirib, Azərbaycan təbiətinə vandal mədəniyətlərini sərgiləyiblər. “Amma Aprel qələbəmizlə onlara sübut etdik ki, işğalçıya yerini göstərmək üçün ən yaxşı təsir vasitəsi ordumuzun gücüdür...”

    ...Ağamalı Ağayev torpaqlarımızı düşməndən azad etmək arzusu ilə yaşayan, tarix dərsini döyüş səngərində keçən əsl Vətən əsgəri idi. Eyni zamanda o, dostluqda, yoldaşlıqa sədaqətli, böyük ürəyə malik cəfakeş şəxsiyyət idi.

    Atalar yaxşı deyib: “Kasıb mərd olar”

    Bir gün Ağamalı eşidir ki, iş yoldaşlarından birinin uşağı ağır xəstədir. Və onun təcili cərrahiyyə əməliyyatına ehtiyacı var. Ancaq iş yoldaşı maddi imkansızlıq ucbatından uşağı əməliyyat etdirə bilmir. Ağamalı aylıq əmək haqqını alan kimi dərhal aparıb iş yoldaşına verib: “Cərrahiyə əməliyyatını yubatmaq olmaz” deyir.

    Siyaməddin deyir ki, mən Ağamalının dostu olmağımla həmişə fəxr etmişəm. O, özü maddi cəhətdən kasıbçılıq çəksə də, çox güclü iradəyə malik idi. Çalışırdı ki, heç kim imkansızlıqdan darda qalıb əzab-əziyyət çəkməsin. Tanıdığı insanların sevincinə də, kədərinə də şərik olmağı bacarırdı. Həzrət Əli (ə) kəlamlarının birində buyuyrur ki, ən böyük düzgünlük və mənfəət ağıllı və imanlı, mənəviyyat sahibi olan insanlarla yoldaşlıqdı. Ağamalı da belə yoldaşlardan idi.

    ...Ağamalı 2016-cı ildə həm işləmək, həm də ali təhsil almaq məqsədi ilə Rusiyaya getsə də iki ildən sonra Azərbaycana qayıdıb gəldi. Atası Şamil Ağayev deyir ki, Ağamalı uşalıqdan qorxmaz, cəsur vətənsevər idi. “Aprel döyüşlərində böyük şücayət göstərmişdi. O vaxtdan torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinin başlamasını intizarla gözləyirdi...”

    Oğlunun zəhmətkeş, ailəcanlı olduğunu söyləyən Rəsmiyyə xanım deyir: “Ağamalı ailədə çox mehriban, gülərüz, qərarında qətiyyətli idi. Müharibəyə də sevinə-sevinə, könüllü getdi...” Şəhid anasının söhbətinə qulaq asdıqca istər-isyəməz adamın qəlbində kövrək duyğular baş qaldırır, varlığına kədər hissi hakim kəsilir: “Gözləyirdim ki, oğlum müharibədən sağ-salamat qayıtsın, ona toy edim, lakin, onun bəylik otağına cənazəsi bükülmüş müqəddəs bayrağımız gəldi. O bayraq ki, Ağamalı onun Qarabağın mədəniyyət paytaxtı Şuşada dalğalanmasını illər idi ki, arzu edirdi... Mənim bir oğlum vardı. Amma indi o, təkcə mənim deyil, Azərbaycan xalqının, bütov bir millətin övladıdır..”

    “Şuşa alınan gün...”

    ...2020-ci ilin iyul ayında ermənilərin yeni ərazi iddiası ilə Tovuz rayonunun sərhədlərini atəşə tutması, əsgərlərimizlə birlikdə yüksək rütbəli zabitlərimizin şəhid olması xəbəri hər kəsin səbir kasasını doldurmuşdu. Azərbaycanın vətənpərvər gəncləri şəhidlərimizin qisasını almaq, torpaqlarımızı işğaldan azad etmək eşqi ilə ayağa qalxmışdılar. O vədələrdə Ağamalı dostu Siyaməddin ilə əhd-peyman edirlər ki, inşallah Şuşa işğaldan azad olunsun, Masallıdan ora birlikdə piyada gedəcəklər. Sentyabrın 23 -də Ağamalı öz dostları ilə 24 yaşını qeyd edib. Ertəsi gün sevinə-sevinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Masallı şöbəsində könüllü olaraq qeydiyyata alınmaq üçün müraciət edib. Vətən müharibəsi başlayandan iki gün sonra isə ata-anasına: “Döyüşə gedirəm, zəhmətinizi halal edin!” deyib və cəbhəyə yola düşmüşdür.

    Dayısı Yasər Bağırovla, bacıları Aygül və Dilarə ilə danışanda deyərmiş ki, mənə görə qətiyyən narahat olmayın, hər şey yaxşı olacaq, inşallah sağ-salamat qayıdacağam!..

    Əsgər yoldaşlarının dediyinə görə, Ağamalı Ağayev manqa komandiri kimi döyüşə qatıldığı ilk gündən əlindəki plamyot silahını bir dəqiqə də yerə qoymayıb. Cəbrayıl, Füzuli, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə əsgər yoldaşları ilə birlikdə düşmənin canlı qüvvəsinin və döyüş sursatlarını məhv edib.

    “Canavar kimi döyüşürdü”

    Yaralansa da döyüş meydanını tərk edtməyən Ağamalı yüksəklikdə düşmənlə üzbəüz dayanaraq son damla qanına kimi savaşıb. “Cavnavar” ləqəbli cəsur əsgər plomyotla erməni əsgərlərioni qır-tök edib.

    Oktyabrın 19-da Füzuli döyüşləri zamanı yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaran zaman erməni snayperin gülləsinə tuş gəlir. Döyüş yoldaşı Gülverdi Bəbirov Ağamalının son döyüşü barədə deyir: “Biz dağa qalxırdıq, üstümüzdə olan ağır əşyaları, hətta dəbilqələrimizi çıxartıq ki, üzüyuxarı rahat qalxaq. Ən birinci mən ayağımdam yaralandım. Dedilər ki, gəl səni döyüş meydanından çıxaraq. Dedim ki, ayağıma güllə yox, daş dəyib. İrəli getdik, düşmənin səngərini dağıtdıq. Bu zaman düşmən snayperinin gülləsi Ağamalını boynundan ağır yaraladı...”

    Başqa bir döyüş yoldaşı deyir ki, biz Ağamalı ilə bir-birimizə söz vermişdik ki, hansımız yaralansaq və şəhid olsaq, digərimiz onu döyüş meydanından çıxaracaq. “Belə oldu ki, Ağamalı ağır yaralandı mən onu döyüş meydanından çıxartdım. O, şəhid oldu. Mən isə sağ qalmağıma görə Ağamalıya borcluyam...”

    Ağamalının şəhid olması xəbəri təkcə doğmalarının deyil, onu tanıyan hər kəsi məyus elədi. Çaxırlı kəndində yaşayan jurnalist həmkarım Cavanşır Nəbiyev

    “Facebook” səhifəsində Ağamalı Ağayevi “Oğuz elinin sakit təbiətli, qartal baxşlı şəhid oğlu” adlandırır.

    Şuşa azad olunan gün Siyaməddin Abdullayev şəhid dostunun məzarı üstünə gəlib, onun ruhuna gözaydınlığı verib: “Bu gün Şuşa işğaldan azad olundu”- deyib. Sinə daşına “Vətən mənə ana, mən əsgərəm ona” sözləri həkk olunmuş Ağamalı Ağayevin məzarını bu günlərdə millət vəkili Məşhur Məmmədovun köməkçisi Hekayət Nəzərovla birlikdə ziyarət edib: “Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!” dedik.

    Nurəddin Ədiloğlu, Masallı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR