Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu keçirilir.
Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlərin işə qəbulu müsabiqəsi 27 avqust - 5 sentyabr tarixlərində keçiriləcək.
Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.
İşə qəbul müsabiqəsi iki mərhələdən (elektron müraciət və müsahibə mərhələləri) ibarətdir.
İştirak etmək istəyən namizədlər 5 sentyabr saat 23:59-dək “Müraciət forması”nı bölmələr üzrə tam doldurmalıdırlar. Hər bir müraciət edənə ən çoxu iki yaxın ixtisas üzrə beş vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı yerləşdirilib.
Müsabiqədə uğur qazanacaq müəllimlər aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:
- Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək;
- Ölkəmizdə və xarici ölkələrdə keçiriləcək təlimlərdə iştirak;
- Rəqabətə davamlı əməkhaqqı;
- Daimi və ya saat hesabı tədrisə cəlb imkanı.
Qeyd edək ki, seçim zamanı müvafiq ixtisas üzrə təhsil, iş və tədris təcrübəsi, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.